Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3116/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Cəfərova (Bayramova) Asimə Rakif qızının iştirakı ilə, İddiaçı Cəfərova (Bayramova) Asimə Rakif qızının cavabdeh Bayramov Ruslan Əlövsət oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cəfərova (Bayramova) Asimə Rakif qızı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(044)-4320/2018 saylı qətnaməsi ilə Mənsə və Əfrahim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(044)-4320/2018 saylı icra sənədinə əsasən 16.08.2018-ci il tarixdən başlayaraq Mənsə və Əfrahim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Bayramov Ruslan Əlövsət oğlundan hər ay 260 manat məbləğində alimnetin alınaraq Bayramova Asimə Rakif qızına ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır, ehtiyaclarını ödəməmişdir. Göstərilən məbləğdə alimentin hazırki iqtisadi vəziyyətdə normal qaydada uşaq saxlamaq mümkün deyil. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2015-ci il tarixli AZ-İİİ 578599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 noyabr 2015-ci il təvəllüdlü Bayramov Əfrahim Ruslan oğlu Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Bayramov Ruslan Əlövsət oğlu, ana qrafasında Bayramova Asimə Rakif qızı qeyd edilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 avqust 2012-ci il tarixli AZ-İİ 945759 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 avqust 2012-ci il təvəllüdlü Bayramova Mənsə Ruslan qızı Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Bayramov Ruslan Əlövsət oğlu, ana qrafasında Bayramova Asimə Rakif qızı qeyd edilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(044)-4320/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, bayramov Ruslan Əlövsət oğlundan 16.08.2018-ci il tarixdən başlayaraq 27.08.2012-ci il təvəllüdlü Bayramova Mənsə Ruslan qızının və 23.11.2015-ci il təvəllüdlü Bayramov Əfrahim Ruslan oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində alimnetin alınaraq Bayramova Asimə Rakif qızına ödənilməsi qət edilmişdir; 13.08.2021-ci il tarixli, AM/2021-000222 saylı ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 13.08.2021-ci il tarixdə, saat 10:00-da Gəncə şəhəri Atatürk prospekti 438A ünvanında mediator Abdullayev Anar Məmmədəli oğlu tərəfindən keçirilən “İlkin Mediasiya Sessiyası”nda iştirak etmişlər, lakin sonrakı prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı Cəfərova (Bayramova) Asimə Rakif qızı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə 2018-ci ilin sentyabrında bir uşaq üçün 130 manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosialiqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin hər ay bir uşaq üçün 130 manatdan başqa iddiaçıya yardım etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, hər uşaq üçün 10 manat məbləğində alimentin artırılması uşaqların maraqları ilə müqayisədə cavabdehin əmlak vəziyyətinə o qədər də təsirli deyildir. Eyni zamanda məhkəmə alimentin 200 manat məbləğində təyin edilməsinin qeyrimümkünlüyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilinməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı məhkəmə onu qeyd edir ki, uşaqlara baxmaq təkcə atanın deyil, eyni zamanda ananın da vəzifəsi və borcudur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(044)-4320/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməli, 27 avqust 2012-ci il təvəllüdlü Bayramova Mənsə Ruslan qızının və 23 noyabr 2015-ci il təvəllüdlü Bayramov Əfrahim Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat miqdarında aliment tutularaq iddiaçı Cəfərova (Bayramova) Asimə Rakif qızına verilməlidir. Bayramov Ruslan Əlövsət oğlundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4-cü maddələrinin tələblərinə uyğun olaraq 10 (on) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 27 avqust 2012-ci il təvəllüdlü Bayramova Mənsə Ruslan qızının və 23 noyabr 2015-ci il təvəllüdlü Bayramov Əfrahim Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Bayramov Ruslan Əlövsət oğlundan tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin və cavabdeh Bayramov Ruslan Əlövsət oğlundan hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cəfərova (Bayramova) Asimə Əlövsət qızına verilsin. Bayramov Ruslan Əlövsət oğlundan 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3116/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3116/2021
20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver