Məhkəmə qərarları › İş №2(044)-312/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-312/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-312/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Ümid oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ümid oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ümid oğlundan 432 manat telefon borcu, 200 manat qızıl borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən şəhəri, H.Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur və icarəyə götürdüyü mağazada mobil telefonlar, qızıl-zinət əşyaları və paltar satışı ilə məşğul olur, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, VÖEN nömrə almışdır. O, Cavabdeh Ümid oğlunu uzun müddətdir tanıyır, Xoşbulaq kəndində yerləşən N saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur və təxminən 10 ay bundan öncə Cavabdeh Ümid oğlu onun mağazasına gələrək nisyə paltar və telefon götürmüş, həmin qızılın və telefonun dəyərindən bir qədərini ödəmiş, lakin qalan pulu ödəməmiş və cavabehin ona 432 manat telefona, 200 manat qızıla görə, cəmi 632 manat borcu qalmışdır. Hazırda cavabdehin ona olan borcu ödənilməmiş qalmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat Verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ümid oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 15.03.2020-ci il tarixli 070 saylı qızıl-zinət əşyalarının alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Ümid oğluna 10 ay müddətinə 950 manat dəyərində qızıl saat əşyası satılmışdır. 17.05.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Ümid oğluna 06 ay müddətinə 560 manat dəyərində “Redmi 8” markalı telefon satılmışdır. 13.09.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Ümid oğluna 07 ay müddətinə 380 manat məbləğində “İphone 6” markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 632 (altı yüz otuz iki) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 632 (altı yüz otuz iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ümid oğlundan 632 (altı yüz otuz iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar