Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3120/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Hacalı oğlunun və onun vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Hacalı oğlunun Cavabdeh qarşı “52 baş keçi və ya onun dəyəri 3760 manat və vurulmuş zərər 5550 manat pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hacalı oğlu Cavabdeh qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 52 baş keçi və ya onun dəyəri 3760 manat və vurulmuş zərər 5550 manat pul, cəmi 9310 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacalı oğlu iddia tələbinin həcmini artırılmasına dair 21.09.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia həcminin həcminin artırılmasını nəzərə alıb, illik 5 beş faiz miqdarında əldən cıxmış faydanın da cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Hacalı oğlu iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh heyvan alverçisi kimi tanımışdır. 2020-ci ilin oktyabr ayının axırlarında Cavabdeh ona olan inamından və etibarımnan sui-istifadə edərək Samux rayonunun ərazılsində saxladığı ona məxsus 3760 manat dəyərində 52 baş keçilərinin pulunu ən geci bir həftəyə ödəyəcəyinə söz vermişdir. Ancaq üstündən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq Cavabdeh öhdəsinə götürdüyü vədi yerinə yetirməmiş, dələduzluq edərək onu aldatmış, 3760 manat dəyərində keçilərini satıb tələf eləmiş və onu gəlirindən qazancdan məhrum etmişdir. Beləki, əlli iki baş keçinin 47 başı 3-4 yaşlarında bala verən ana keçilər olmuş, 5 başı isə erkək olmuşdur. Elə il olur ki, bir baş keçi ildə iki dəfə bala verir və keçilərimin əksəriyyəti əkiz (iki bala) verirdi. İddiaya əlavə etdiyi Baytarlıq idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 47 baş ana keçidən 1 il ərzində 45 baş bala almaqla, hər balanın bazar qiyməti orta hesabla 70 manat olmaqla, 47 baş ana keçidən il ərzində orta hesabla 1600 litr süd və həmin süddən 200 kq pendir istehsal etmək mümkündür. Beləliklə mümkün olmuşdur ki, 47 baş ana keçidən alınan bala və istehsal olunan süd məhsullarının dəyəri 1 il ərzində 5550 manat təşkil edir. Cavabdeh onu aldadıb, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona 9310 manat zərər vurmuşdur. Bunun nəticəsində iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 30.07.2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayətin tərkib əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı Hacalı oğlu və onun vəkili X2 iddia tələbini müdafiə edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq iddia tələbinin həcmini artırılmasına dair məhkəməyə ərizə təqdim edərək iddia həcminin həcminin artırılmasını nəzərə alıb, illik 5 beş faiz miqdarında əldən cıxmış fayda olmaqla ona tutulub verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini bildirərək 3760 manat pulu ödəməyə razı olduğunu və iddianı qalan hissədə qəbul etmədiyini göstərmişdir.Əlavə olaraq izahatında göstərmişdir ki, onun iddiaçıdan aldığı xırda buynuzlu heyvanlar hazırda mövcud deyildir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında xırda buynuzlu heyvanların alqı-satqısı, o cümlədən onların bazar qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmadığından iddia həmin hissədə təmin edilməli, 3760 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin illik 5 faiz miqdarında əldə çıxmış fayda kimi ziyanın ödənilməsinə dair hissəni də əsaslı hesab edir. Belə ki, göründüyü kimi cavabdeh 2020-ci ilin oktyabr ayından hazırki vaxtadək, bir ildir ki, iddiaçının pul vəsaiti özündə saxlamışdır.Ona görə də məhkəmıə hesab edir ki, 3760 manatın 5 faizi olan 188 manat pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtıı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasmı mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. 6 Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üzrə qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda şəklində 5550 manat pulun alınmasına dair hissəni əsaslı hesab etmir. Belə ki, iddiaçı özü öz heyvanları üzərində iradəsinə uyğun şəkildə sərəncam verməklə, həmin heyvanlardan əldə ediləcək faydanı da öz iradəsi ilə itirmişdir.. Odut ki, iddia həmin hissədə əsaslı deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar (məsələn, kredit müqaviləsi) məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 52 baş keçinin dəyəri olan 3760 manat və əldən çıxmış fayda şəklində hesablanmaqla illik beş faiz məbləğində 188 manat pul, cəmi 3948(üç min doqquza yüz qırx səkkiz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Hacalı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3120/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3120/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver