Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3123/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cabandehlər Cavabdeh1 və Cavabdeh2 50000 (əlli min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək cavabdehlərdən 41000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, müxtəlif vaxtlarda Cavabdeh2 hissə-hissə olmaqla ümumilikdə 60000 manat borc pul vermişdir. Cavabdeh2 həmin pulun 10000 manatını hissə-hissə qaytarmış, qalan 50000 manat borcu ilə bağlı notarial barışıq sazişi imzalamış və sonuncunun atası Cavabdeh1 Kəpəz pulu qaytarmayacağı təqdirdə özü həmin 50000 manatını qaytarmağı zamin kimi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh2 50000 manatdan hissə-hissə 9000 manat qaytarmış, lakin qalan 41000 manatı müxtəlif bəhanələrlə qaytarmamışdır. Barışıq sazişinə əsasən Cavabdeh2 hər ay borcundan 1700 manat ona ödəməlidir. Cavabdeh ona olan borcun əvəzinə torpaq sahəsinin sənədlərini vermiş, lakin həmin torpaq sahəsini onun adına rəsmləşdirməmişdir. Hazırda cavabdehlər tərəfindən onun hüquqları kobud şəkildə pozulduğu üçün o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatındakı xüsusatları təsdiq edib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh şərikli iş görmüşlər, iddiaçının Cavabdeh2 tələb etdiyi pulu sonuncu Mübariz adlı şəxs vermişdir. Mübariz adlı şəxs isə həmin pulu aldıqdan sonra sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı Cavabdeh2 polisə şikayət etmiş, lakin Mübariz adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmaıdığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh2 iddiaçıdan aldığı pulun əvəzində bir neçə ay iddiaçıya gəlirdən xeyr vermiş, həmçinin aylıq qazancdan mobil telefon vermişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 31 may 2020-ci il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh2 Gəncə şəhər sakini İddiaçı 50000 manat borc pul aldığı etiraf etmiş, həmin borcu İddiaçı 31.10.2020-ci il tarixədək hər ay 1700 manat qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh1 oğlu Cavabdeh2 hər ay 1700 manat pulu ödəməzsə, həmin 50000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Çünki tərəflər arasında bağlanmış “Barışıq Saziş”ində Cavabdeh2 iddiaçıdan 50000 manat borc aldığnı etiraf etmiş və həmin məbləği hər ay 1700 manat olmaqla 31.10.2020ci il tarixədək ödəmək barədə, cavabdeh Qoşqar Kərimov isə oğlu Cavabdeh2 hər ay 1700 manat pulu ödəməyəcəyi təqdirdə 50000 manat pulu özü ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış “Barışıq Sazişi” mahiyyət etibarı ilə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və zaminlik müqaviləsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. - 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. - 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqavilələri üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 iddiaçıdan aldığını etiraf etdiyi 50000 manat borcunu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmişdir. Həmçinin digər Cavabdeh1 hər ay 1700 manat pulun Cavabdeh2 tərəfindən ödənilməyəcəyi təqdirdə 50000 manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehlərdən borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən Cavabdeh2 50000 manat borcun verilməsini və həmin borcdan 9000 manatın ödənilməsini tərəflər mübahisələndirmədikləri üçün məhkəmə bu faktları işin mabahisələndirilməyən halları kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 41000 (qırx bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 41000 (qırx bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3123/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3123/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver