Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3132/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi, vəkil X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evə verilən borc pulun əvəzi 20000 (iyirmi min) manat, əsgərliyə və maşına görə 4000 (dörd min) ABŞ dolları və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onların qızı X3 ilə 05.01.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahlarından 01.12.2005-ci il tarixdə Elmidar və 27.06.2008-ci il tarixdə isə Nicat adlı iki uşaqları anadan olmuşdur. 2004-cü il tarixdə qızı ilə nişanlı olduğu zaman cavabdeh gələcəkdə qızı ilə müstəqil yaşamaq üçün ev almaq istədiyi biıdirərək onlardan borc pul istəmiş və onlar əllərində olan 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində pulu cavabdehə borc olaraq vermişlər. Bundan sonra cavabdeh 20000 (iyirmi min) ABŞ dollarına ünvan 1 ünvanda olan 5 otaqlı ev almışlar və evə dair pulun 40 faizini onlar ödəmişlər. Lakin cavabdeh aldığı evi öz adına yox, atasının adına almışdır. Nişan zamanı qızlarının bütün cehiz əşyaları həmin evə yığılmış, onların toyları 05.01.2015-ci il tarixdə olmuş və qızları Zülfiyə həmin evə gəlin köçmüşdür. Bundan başqa, toydan bir neçə ay sonra Cavabdeh “VAZ 2107” markalı maşın almaq istədiyini bildirərək, onlardan 1500 (min beş yüz) ABŞ dolları məbləğində borc pul almışdır. 2005-ci ilin sonunda cavabdeh hərbi xidmətə çağrıldı və onlardan 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində borc olaraq pul almışdır. Yeni ailə həyatı quran cavabdehdən onlar borc verdikləri pulları geri almağa tələsməmişlər, düşünmüşlər ki, kürəkəndir, yaxşı işdə işləyər yavaş-yavaş onlardan aldığı borcunu ödəyər. 2019-cu ildə cavabdeh onların qızını ataraq Bakı şəhərinə getmiş, orada yaşamağa başlamış, Bakı şəhərində Baksel şirkətində işləyərək yüksək əmək haqqı alırdı.Lakin cavabdehin qazancının çox hissəsini qumar oyunlarında uduzmuş, bu müstəvidə cavabdehin onların qızı ilə və onlar ilə münasibətləri soyumuş, cavabdeh qazancını qumara tökməyə başladığından onlar cavabdehdən borclarını tələb etməyə başlamışlar. Cavabdeh isə onlara olan borcunun evinin satıldıqdan sonra verəcəyinə söz vermiş və söz verdiyi vaxtdan iki il keçməsinə baxmayaraq, cavabdeh onlara evə görə 20000 (iyirmi min) manat, maşına və əsgərliyə görə verilən 4000 (dörd min) ABŞ dolları borcu qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınır. Bundan başqa cavabdehlə qızlarının arasında bağlanmış nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh onun qızı X3 ilə 05.01.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları anadan olmuş, sonradan onlar boşanmışlar. Cavabdeh onunla və həyat yoldaşı İddiaçı1 ilə telefonda danışanda borcunun olmasını etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, onlara olan borcunu evi satıb verəcəkdir. Cavabdeh məhkəmə iclasında iştirak etsə borcunun olduğunu etiraf edərdi. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi, vəkil X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. 15.11.2021-ci il tarixdə Gəncə şəhəri “Mərkəzi Poçt 118” şöbəsindən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramda onun başqa şəhərdə iş fəaliyyəti ilə bağlı 16 noyabrda keçiriləcək prosesdə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, qeyd olunanları nəzərə alaraq, işə iştirakları olmadan mahiyyəti üzrə baxılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2 və iddiaçıların nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 oğlu ifadəsində bildirdi ki, iddiaçılardan Mirvari onun xalası qızıdır. İddiaçıların qızı Zülfiyə Cavabdeh ilə nişanlı olan zaman Mirvari ona bildirmişdir ki. Cahangir ondan borca pul istəmişdir ki, Yeni Gəncədə olan evi satıb Gülüstandan ev alsın. Odur ki, Mirvari Cahangirin ev alması üçün ondan borca pul istəmiş və o, Mirvariyə 5000 ABŞ dolları borca pul vermişdir. Təxminən 3 ay sonra Mirvari ondan alıb Cahangirə verdiyi 5000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Cahangir evi toydan sonra Zülfiyyə ilə birgə yaşaması üçün almışdır. Mirvarinin qızı Zülfiyyənin cehiz əşyaları Cahangirin Gülüstan qəsəbəsindən aldığı evdə yerləşdirilmiş və Zülfiyyə həmin evə gəlin köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, 30 ildir iddiaçı ilə rəfiqədir. 2004-cü ildə o, Mirvarigildə olan zaman Mirvarinin xalası oğlu və gəlini də orada olmuşlar. Mirvarinin kürəkəni Cahangir də ora gəlmişdir. Mirvarinin kürəkəni Cahangir Gülüstandan 5 otaqlı ev almaq istəyini bildirdi və Cahangir evi almaq üçün Mirvarigildən borc pul istədi. Həmin vaxt Mirvarinin xalası oğlu Nizami Mirvariyə 5000 ABŞ dolları borca pul verdi. Mirvari də həmin 5000 ABŞ dolları pulu kürəkəni Cahangirə ev almasına görə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Mirvari onun həyat yoldaşı Nizaminin xalası qızıdır. O, və həyat yoldaşı Nizami Mirvarigildə olan zaman qonşuları Nazilə də Mirvarigilə gəlmişdir. Sonradan Mirvarinin kürəkəni Cahangir də Mirvarigilə gəlmişdir. Həmin vaxt Mirvarinin kürəkəni Cahangir evini satdığını və Gülüstandan ev almaq istədiyini demişdir. Mirvarinin kürəkəni Cahangir Gülüstandan ev almaq üçün ona borca pul lazım olduğunu demişdir. Həyat yoldaşı Nizami 5000 ABŞ dolları məbləğində pulu Mirvariyə vermişdir. Həmin vaxt Mirvari kürəkəni Cahangirə 5000 ABŞ dolları borca pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçılar onun valideynləridir. Cavabdeh Cahangir isə onun keçmiş həyat yoldaşıdır. Toydan əvvəl Cahangir yeni Gəncədə olan 3 otaqlı evi satmaq istəmiş və Gülüstanda olan 5 otaqlı ev almaq istəmişdir. Cahangir onlara gələndə Gülüstanda olan evi almaq üçün pulunu çatmadığı üçün onun anası Mirvaridən borca pul istəmişdir. Onun anası xalası oğlu Nizamidən 5000 ABŞ dolları almış və özündə olan 2500 ABŞ dollarını da əlavə edib Cahangirə 7700 ABŞ dolları borca pul vermişdir. O, ailə qurub Gülüstanda olan evə gəlin köçmüşdür. O, Cahangirlə ailə qurduqdan bir müddət sonra, Cahangirlə birlikdə atası evinə getmişlər. Cahangirə pul lazım olduğundan Cahangir onun anası Mirvaridən borca pul istəmişdir. Onun anası Mirvari də həmin vaxt 2500 ABŞ dolları onun keçmiş həyat yoldaşı Cahangirə pul vermişdir. O, Cahangirin həmin vaxt borca götürdüyü pulu nəyə görə aldığını bilməmişdir. Bundan əlavə Cahangir istifadəsində olan avtomaşınını satandan sonra başqa avtomaşın alması üçün onun anası Mirvaridən 1500 ABŞ dolları məbləğində borca pul istəmiş və anası Cahangirə 1500 ABŞ dolları borca pul vermişdir. Cahangir hazırkı vaxtadək anasından borca götürdüyü pulları qaytarmamışdır. 02.06.1985-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Mansırova (Abdullayeva) Mirvari İsmayıl qızının nikahları 02.06.1985-ci il tarixdə 555 saylı akt qeydi ilə bağlanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(044)-2235/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 05.01.2005-ci il tarixdə Gəncə şəhər Kəpəız rayon Qeydiyyat şöbəsində 07 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından 01.12.2005-ci il tarixdə anadan olmuş X4 və 27.06.2008-ci il tarixdə anadan olmuş X7 anası X1 himayəsində saxlanılmaları və onların saxlanılması üçün yetkinlik yaşına çatanadək, 01.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş diskdə olan səsyazmadan müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçılara borcunun olmasını etiraf etmişdir. Səs yazısının cavabdehə məxsus olmasını dəqiqləşdirmək məqsədi ilə cavabdeh məhkəməyə dəvət edilmiş, lakin cavabdeh məhkəmədə iştirak etməmişdir. 15.11.2021-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramda onun başqa şəhərdə iş fəaliyyəti ilə bağlı 16 noyabrda keçiriləcək prosesdə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, lakin 15.11.2021-ci il tarixli teleqramdan görünür ki, həmin teleqram Gəncə şəhəri “Mərkəzi Poçt 118” şöbəsindən məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətini təşkil edən 20000 (iyirmi min) manat və 4000 (dörd min) ABŞ dolları məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçılar qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçıların mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 20000 (iyirmi min) manat və 4000 (dörd min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat və 4000 (dörd min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3132/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3132/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver