Məhkəmə qərarları › İş №2(044)-3196/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3196/2021

12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3196/2021 12.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mobil nəzarət qurğusunu itirdiyinə görə ondan dəyəri 1346.03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin 1(066)-37/2019 nömrəli, 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 08.11.2019-cu il tarixdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbağ bağlanmışdır. Bununla yanaşı T.Abdulayevə bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, ev siqnal ötürücüsü təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusu nasaz olduğu üçün 27.04.2021-ci il tarixdə məhkumun elektron nəzarət vasitələri yenisi ilə əvəz edilmişdir. Bu zaman əvvəlki elektron nəzarət vasitələrinin təhvil alınması zamanı məhkum mobil nəzarət qurğusunu itirdiyini bildirmiş və buna görə də təhvil verməmişdir. Məhkum qurğunu taksidə itirdiyi, qurğunu gətirəcəyini bildirmiş, lakin gətirməmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat təşkil edir. İddiaçı rəisi Elmar Cəfərov məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin cəza çəkiyi 2 saylı İstintaq Təcridxanasına iddia ərizəsi göndərilərək iddiaya qarşı etiraz və mülahizəsinin göndərilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmişdir. İş materiallarına əlavə olunmuş: - Göygöl Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 1(066)-37/2019 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsinin nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə şübhəli şəxs qismində 07 mart 2019-cu il tarixdən 08 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində 01 gün həbsdə saxlanmasınəzərə alınaraq hbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanması və ona qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Cavabdeh yaşayış yerini saat 23:00-dan 07:00-dək və yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmasına, bundan başqa onun üzərinə yaşayış yerini 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmsı üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydə alındığı vaxtdan hesablanması qərara alınmışdır. - 21.10.2019-cu il tarixli 1(066)-37/2019 saylı Göstərişdən görünür ki, Göygöl Rayon Məhkəməsinin Cavabdeh haqqında olan 1(066)-37/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 24.12.2019-cu il tarixli protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-37/2019 saylı, 03.10.2019-cu il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş Cavabdeh ayağına yenidən sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı qolbağın poverbankı, mobil nəzarət qurğusu, adapteri, 3 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarlarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 24.12.2019-cu il tarixli protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-37/2019 saylı, 03.10.2019-cu il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar-88,26 manat, ev siqnal ötürücü 1 ədəd 108,32 manat, mobil nəzarət qurğusu xüsusi proqraq təminatı ilə 1346,03 manat. Elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 637.91 manat. - Azalığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin təhvil alınması barədə 27.04.2021-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-37/2019 saylı, 03.10.2019-cu il tarixli hökmünə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələri yenisi ilə əvəz edildiyi üçün əvvəlki elektron nəzarət vasitələri mobil nəzarət qurğusu istisna olmaqla məhkumdan təhvil alınmış, Cavabdeh şöbəyə gələrkən mobil nəzarət qurğusunun yadından çıxaraq taksidə qaldığı, taksi sürücüsü ilə əlaqə saxlayıb mobil qurğunu alacağını, daha sonra şöbəyə təhvil verəcəyini bildirmişdir. - Maliyyə və təminat idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Aslan Muradovun məktubuna göstərilmişdir ki, Probasiya xidmətinin qeydiyyatda olan, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yarasız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması üçün təqdim olunmuş Biometrik məlumatların yoxlanması üçün lisenzilar 1 ədəd 88.26 manat, ev siqnal ötürücüsü 1 ədəd 108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədəd 1346.03 manat, elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM: 800/900/1800/1900 Mhz internetə qoşulma: 2G/3G GNSS: GPS/GLONASS 600 Mah Li-on 1 ədəd 637.91 manat. - Maliyyə və təminat idarəsinin rəisi, İİİ dərəcəli ədliyyə müşaviri Aslan Muradovun məktubundan görünür ki, elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xidmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) İnformasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə təhvil verilməsi üçün müvafiq akt-tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktda sadə, ağıllı elektron qolbaqların və digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından görünür ki, Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu itirərək Ədliyyə Nazirliyinə 1346,03 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1346.03 manat məbləğində vəsait alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən məhkəmələrə verilən başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1346 (min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar