Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3274/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə premdeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün 100 manat əlavə xərcin tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün cavabdehdən hər ay 80 manat sabil pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir. O, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-3838/2016 saylı qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməmişdir; Gəncə şəhəri Kəpəz rayon VVADQ tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli, AZ-İ 748375 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Valideynləri Cavabdeh ilə İddiaçıdır; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2008-ci il tarixdə pozulmuşdur; Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 492221 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış və 224 saylı aktla qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir; Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İİİ 131443 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə X5 anadan olmuşdur; Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2010-cu il tarixli, AZ-İİ 393670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx xxxxxx 2010-cu il tarixdə X6 anadan olmuşdur; Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********5 saylı arayışdan görünür ki, ünvan 1 saylı ünvanda qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-i tabeliyində olan publik hüquqi şəxsin DSMF Gəncə şəhəri Nizami rayon filialında müddətsiz 2-ci dərəcə əlilliyə görə 130.00 manat sosial müavinət alır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızı xəstədir və musiqi məktəbində təhsilini davam etdirir. Uşağın müalicəsinə kifayət qədər pul xərclənir. Təyin edilmiş bir aylıq aliment isə bəzən qızının bir günlük xərclərinə belə kifayət etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xaiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, o ikinci dəfə nikaha girmiş və sonuncu nikahından iki uşağı doğulmuşdur.İkinci qrup əlil olduğuna görə işləyə bilmir. Ona görə də iddianı qəbul etmədiyini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü qismində iştirak edən X9 qızı izahatında göstərdi ki, cavabdehlə 2009-cu il tarixdə ailə qurmuş, birgə nikahlarından iki uşaqları vardır. Əri və özü heç bir yerdə işləmirlər.Uşaqlarının təlabatlarını ərinin aldığı pensiya ilə çətinliklə ödəyirlər Odur ki məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə bir uşaq üçün 80 manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 90 manat məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir.Məhkəmə iddia tələbinin hər ay 200 manat məbləğində aliment müəyyən edilməsinədair hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh ikinci dəfə nikaha girmiş, həmin nikahdan iki uşaq doğulmuş, aliment ödəəyən şəxsin ikinci qrup əlilliyi olmaqla heş bir yerdə işləmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yanında qalan bir uşağın əvvəlki təminatının səviyyəsinin yaxşılaşdırılması hazırda cavabdehin himayəsində qalan iki uşağın yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.Belə ki, cavabdehin himayəsində olan uşaqların da minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində əlavə xərcin təyin edilməsinə dair iddia tələbinə münasibətdə onu qeyd edir ki, iddiaçı həmin xərclərin nədən və nə qədər olmasına dair də sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinə də hüquqi qiymət verərək onu qeyd edir ki, əlavə xərclərlə bağlı iddiaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 90 manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməmildir. Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4-cü maddələrinin tələblərinə uyğun olaraq 10 (on) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarının 5ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 90 manat sabit pul məbləğində müəyyən edilsin və hər ay Cavabdeh 90 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 10(on) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3274/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3274/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver