Məhkəmə qərarları › İş №2(044)-3306/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3306/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3306/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4r Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nin Qərb X2 və Satış İdarəsinə qarşı hesablanmış debutor borcun silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nin Qərb X2 və Satış İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan tələb etdiyi 1944 manat elektrik enerjisi sərfiyyatı üçün tələb olunan borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində Cəmiyyət hüquqi şəxs olduğu qeyd edilsə də, Cəmiyyətin törəmə cəmiyyətləri, habelə idarə, filial və nümayəndəlikləri hüquqi şəxs kimi göstərilməmişdir. Həmçinin Nizamnamədə Cəmiyyətin hüquqi ünvanı ünvan 1 göstərilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh qismində “xxxxxxxx” ASC-nin Qərb X2 və Satış İdarəsini qeyd edərək, iddianı həmin İdarənin olduğu yer üzrə X4 Rayon Məhkəməsinə vermişdir. Lakin qanunvericiliyə əsasən xxxxxxxx ASC-nin idarəsi, yəni Qərb X2 və Satış İdarəsi hüquqi şəxs hesab edilmədiyindən və cavabdeh qismində hüquqi şəxs çıxış etməli olduğundan Qərb X2 və Satış İdarəsi cavabdeh hesab edilmir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarından görünür ki, istehlakçı, yəni İddiaçı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır və borcun silinməsini tələb etdiyi mağaza həmin kənddə yerləşir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, “xxxxxxxx” ASC-nin Qərb X2 və Satış İdarəsi hüquqi şəxs olmadığından və iddiaçı Şəmkir rayonunda yaşadığından, eyni zamanda istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının seçməsinə görə yaşadığı yerə görə də verilə bildiyindən iddiaçının tələbi üzrə cavabdeh qismində hüquqi şəxs olan “xxxxxxxx” ASC çıxış etməklə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerin, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə və ya istehlakçının yaşadığı yerin, yəni Şəmkir Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildisə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Qərb” X2 və Satış İdarəsinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X4 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar