Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-341/2020 05.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh-Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus evə vurmuş olduğu 12000 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Fəedi yaşayış evinin ümumi sahəsi 47.2 kvm-dən ibarətdir. Cavabdehin sahibliyində və ixtiyarında olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi ev 18 A-da yerləşən evdən onun onun evinə su axıdılmış, nəticədə xeyli dərəcədə maddi zərər dəymişdir. Evin bütün otaqlarını su götümüş, hal-hazırda su evin bütün aboyunu bərbad hala salmışdır. Evin döşəməsi çökmüşdür, yaşanacaq vəziyyət olmadığını bildirmişdir. O, cavabdehin evinə gedərək evi bərbad hala saldıqları barədə məlumat vermiş, həyətlərində olan suyun haradan axdığını müəyyən etmələrini və evi təmir etməsini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3504 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 7,1x8,4 metr ölçüdə olan yaşayış otağının döşəməsi və döşəmə altı taxta tirlərin qaraldığı, çürüdüyü, divar kağızının döşəmədən təqribən 0,6/1,0 metr hündürlüyündə olan hissədə divar kağızının qopması və qaralması, ikinci yaşayışotağının 4,0x5,85 m ölçüdə və hündürlüyü 3,metr olan otağın divar kağızının üzərində döşəmədən təqribən 1,0 hissəsində nəmlənmə izlərinin olduğu müəyyən edilmişdir. Tədqiq edilən ünvanda iddiaçının qüsurlar olan otağın divarın arxasında təqribən divardan 60 sm kənarda tökülərək ağac əkildiyini, iddiaçının otaqlarının döçəməsi cavabdehin torpaq sahəsinin səthindən təqribən 60 sm aşağıda yerləşdiyini və qüsurların döşəmədən təqribən 60/1,0 m hündürlükdə olduğunu nəzərə alaraq, həmin mənzildə yaranan qüsurların cavabdeh tərəfindən tökülmüş torpaq sahəsindən və əkilmiş ağacların suvarılması nəticəsində yarana bilər. ünvan 1 ünvanında yerləşən mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə çəkiləcək xərclərin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4944.0 manat müəyyən olunur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahişetdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, qonşu ilə onların arasında kanalizasiya borusu mövcud olduğundan, qonşuya dəymiş ziyan da məhz həmin kanalizasiya borusundan axmış suyun nəticəsində yaranmışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh onun mənzilinə su axıdılması nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 12000 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianı qismən əsaslı hesab edir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3504 nömrəli ekspert rəyini sübut növü kimi qəbul edir. Belə ki, həmin rəylə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin 7,1x8,4 metr ölçüdə olan yaşayış otağının döşəməsi və döşəmə altı taxta tirlərin qaraldığı, çürüdüyü, divar kağızının döşəmədən təqribən 0,6/1,0 metr hündürlüyündə olan hissədə divar kağızının qopması və qaralması, ikinci yaşayış otağının 4,0x5,85 m ölçüdə və hündürlüyü 3 metr olan otağın divar kağızının üzərində döşəmədən təqribən 1,0 hissəsində nəmlənmə izlərinin olduğu müəyyən edilmişdir. Tədqiq edilən ünvanda iddiaçının qüsurlar olan otağın divarın arxasında təqribən divardan 60 sm kənarda tökülərək ağac əkildiyini, iddiaçının otaqlarının döşəməsi cavabdehin torpaq sahəsinin səthindən təqribən 60 sm aşağıda yerləşdiyini və qüsurların döşəmədən təqribən 60/1,0 m hündürlükdə olduğunu nəzərə alaraq, həmin mənzildə yaranan qüsurların cavabdeh tərəfindən tökülmüş torpaq sahəsindən və əkilmiş ağacların suvarılması nəticəsində yarana bilməsi müəyyən edilmişdir. Göründüyü kimi ekspert qarşısında Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, 2-ci dalan, ev 7-də yerləşən mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə) üzərində qüsurların mövcüd olub-olmaması, mövcud olduğu halda isə həmin qüsurların nədən ibarət olması və yaranma səbəbləri barədə suallar qoyulmuş və yuxarıda qeyd edilən məzmunda rəy verilmişdir. Cavabdeh isə etirazının dəlili kimi kanalizasiya borusundan axıdılmış suyun nəticəsində iddiaçının evində qüsurların yarandığını bildirsə də, o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə ekspert tədqiqatı zamanı cavabdehin istinad etdiyi hallara dair hər hansı şübhələr müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi hallar əsassızdır. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı da onu qeyd etməyi zərurir hesab edir ki, göründüyü kimi iddiaçı tələbində mülkiyyətində olan evə dəymiş ziyanın məbləğinin 12.000 manat olmasını irəli sürsə də, o bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyini daha mötəbər sübut kimi əsas götürür və hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən həcmdə təmin olunmalıdır. Belə ki, rəydən göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə çəkiləcək xərclərin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4944.0 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əmlaka qonşunun ziyan vurmasını və onun qeyri-hüquqi hərəkətləri nəticəsində dəymiş ziyanın 12000 manat məbləğində olmasını sübut etməlidir. İddiaçı ziyanın cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində vurulmasını sübut etmiş,ziyanın iddia tələbində göstərilmiş həddə olmasına dair tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyanın məbləği olaraq 4944.0 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyanın məbləği olaraq 4944.0 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №2(044)-341/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-341/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver