Məhkəmə qərarları › İş №2(044)-3508/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3508/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3508/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş evin və onun təmirinə çəkilmiş xərcin yarısı olan 21.000 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun arvadıdır. Onlar 30.05.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, Nizami rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(044)-2822021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onlar birgə nikah dövründə Gəncə şəhəri, Qocalar evi yaxınlığında, Aydın Əliyev küçəsində yerləşən ərazidə torpaq sahəsi alıb, ev tikdirmişlər. Hazırda cavabdeh özünün başqa nikahdan olan oğlu ilə həmin evdə yaşayır və onu evə buraxmır. Cavabdeh nəinki həmin evi zəbt etmiş, hətta ona məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən evə də onu buraxmadığı üçün məcbur olub kirayədə yaşamalı olmuşdur. Hər dəfə o evə gedəndə 102 polis xidmətinə zəng edib onu şərləyir, guya onu döydüyünü bildirir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Onlar həmin evi 2015-ci ildə tikmişlər. O özü usta olmaqla, evin tikintisində həm özü, həm də başqa fəhlələr işləmişlər. Evin tikinti materialları onun tərəfindən alınmışdır. Evin yerləşdiyi torpaq sahəsinə, tikinti və təmirinə 42000(qırx iki min) manat pul xərcləmişdir. Ona görə də həmin xərcin yarısı cavabdehdən alınmalıdır. Cavabdeh nə evin tikintisinə çəkilmiş xərcin yarısını ona vermir, nə də onu evə buraxmır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçının bildirdiklərindən müəyyən edilir ki,tərəflər birgə yaşadığı müddətdə hər hansı bir hüquqi əsas olmadan torpaq sahəsi əldə edərək, orada 2015-ci ildə qanunsuz ev inşa etmişlər. Hazırda da istər həmin torpaq sahəsinin, istərsə də onun üzərində mövcud olan tikililərin hər hansı hüquq müəyyən edici sənədləri mövcud deyildir. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın onların birgə mülkiyyətinə istinad etməklə həmin əmlakın dəyərinin yarısını ondan tələb edir. Ailə Məcəlləsinin 36.1-36.4-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Yuxarıda sadalalan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi əmlakın dəyəri müəyyən edilməmişdən öncə ilk növbədə aydınlaşdırılması zəruri olan hal həmin əmlakın ər-arvadın ümumi əmlak olmasının müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edilən torpaq sahəsi və onun üzərindəki tikili hər hansı şəxslərin adına qeydə alınmadığından həmin əmlak ər-arvadın ümumi əmlakı hesab edilə biılməz. Həmin əmlak birgə nikah dövründə əldə edilən əmlak hesab edilmədiyindən onun dəyərinin yarısının cavabdehdən tutulmasına dair dəlillər də əsassızdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Buna baxmayaraq məhkəmə iddiaçıya izah edir ki, onun mübahisələndirilən əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da belə, cavabdehin digər nikahdan doğulmuş oğlu həmin evdə yaşadığı halda onun əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçiyə məxsus hüquqlardan istifadə edərək həmin əmkaka olan qəsd və maneələrə son qoyulması ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüquqlarının olması istisna edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar