Məhkəmə qərarları › İş №2(044)-356/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-356/2022

23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-356/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 oktyabr 2006-cı il təvəllüdlü X2 və 07 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 09 oktyabr 2006-cı il təvəllüdlü X2 və 07 yanvar 2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 95 manat olmaqla, cəmi 190 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqların tələbatları artmış iddiaçı təkbaşına bu xərcləri qarşılaya bilmir. Odur ki, cavabdehdən alınan alimentin məbləği artırılmalı və hər uşaq üçün ayda 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehin bu məbləğdə alimenti ödəməyə imkanı var, o, Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olur, kifayət qədər qazancı var. Lakin cavabdeh qəsdən indiyədək alimenti vaxtı-vaxtında ödəməyərək, aliment borcu yığılmışdır. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 09 oktyabr 2006-cı il təvəllüdlü X5 və 07 yanvar 2009-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Qurbanova aytən Aydın qızı arasında olan nikah 22 noyabr 2013-cü il tarixdə pozulmuşdur. - X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh X4 iştirak etməmiş, İddiaçı X4 iştirak etmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.03.2015-ci il tarixli 2(044)- 1027/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının iddiası qismən təmin edilmiş, Gəncə Apellyasiya məhkəməsinin 23.07.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 18.02.2015-ci il tarixdən başlayaraq, 09 oktyabr 2006-cı il təvəllüdlü X2 və 07 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 95 manat, cəmi 190 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün 108 manat məbləğində, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu 30 mart 2015-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun 85 manat artıdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 165 manat, cəmi 330 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, tələb etdiyi alimentin artımının 1 illik ödəməsinin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 2530 manat olduğundan və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 36 manat 80 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.03.2015-ci il tarixli 2(044)-1027/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 09 oktyabr 2006-cı il təvəllüdlü X2 və 07 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 165 manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İş üzrə 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar