Məhkəmə qərarları › İş №2(044)-3563/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3563/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3563/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ona verdiyi 50550(əlli min beş yüz əlli) manat pulun və mənəvi ziyanın əvəzi olan 10.000(on min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o kiçik bizneslə məşğul olur. Cavabdeh ilə də tanışlığı bizneslə əlaqədar yaranmışdır. O, onunla görüşəndə bildirmişdir ki, qızıl işi ilə məşğul olur və bu işdə qazanc olmasını bildirmişdir. O, Minaya tanışları Səbuhidən 15200 manat, Yeganədən 11000 manat, Esmiradan 6000 manat, Ruhiyyədən 5700 manat, Nuriyyədən 3500 manat, özü isə 8150 manat pul və 1 ədəd 13 qram çəkidə 1000 manat dəyərində, ümumilikdə 50550 manat pul vermişdir. O cavabdehdən dəfələrlə pulun qaytarılmasını tələb etsə də onun tələbinə məhəl qoymayaraq pulu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, o iddia ərizəsində 15200 manatın Səbuhidən götürərək Minaya verdiyini qeyd etsə də, əslində Səbuhidən 10.000 manat pul götürmüş, həmin puldan da Mina ona 5200 manat qazanc verəcəyini vəd etmişdir. Buna baxmayaraq Mina ona hər hansı məbləğdə qazanc verməmişdir. Yeganədən isə əslində 10.000 manat məbləğində pul götürərək Minaya vermiş, əlavə olaraq Mina ona 1000 manat məbləğində qazanc verəcəyini vəd etmişdir.Ruhiyədən alıb verdiyi 5000 manat puldan isə Mina ona 700 manat pul qaytaracağını vəd etsə də, o nə pulu nə də qazancı qaytarmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul qəbul edərək izahatında göstərdi ki, həqiqətən də iddiaçıdan birgə qazanc məqsədilə tələb edilən pullar götürülmüş, həmin pullardan isə o iddiaçıya kifayət qədər qazanc vermişdir. Hətta iddiaçının tələb etdiyi əsas məbləğlərdən də o iddiaçıya pul qaytarmışdır. Ödədiyi pulları iddiaçıya qazancdan xeyir kimi versə də hesab edir ki, həm müqavilədə nəzərdə tutulmadığına, həm də hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün həmin məbləğlər borcun qaytarılmasına hesablanmalıdır. İddiaçıya pulları o özü şəxsən, bəzən də terminallardan ödəyərək köçürmüşdür. Həmin pulları verməsinə dair hər hansı qeydlər aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Pərvanə Mina ilə birlikdə onlara gəlmiş, 800 manat pul Pərvanəyə vermişdir. 3 gündən sonra Pərvanə yenidən onlara gələrək bildirdi ki, o Mina ilə birlikdə 50.000 manatlıq qızıl götürüb. Ona görə də 13.000 manat pula ehtiyacı vardır. O, da 13.000 manat pulu Minaya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki,o Pərvanəyə 5000 manat pul vermiş, həmin puldan 1700 manat özü, 200 manat isə Pərvanə qazanc götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki,o Pərvanəyə 3500 manat pul vermiş və həmin puldan 500 manat qazanc əldə etmişdir. Pərvanə isə həmin puldan 200 manat qazanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki,o Yeganəyə 10.000 manat pul vermişdir. Həmin puldan 1600 manat özü, 400 manat isə Pərvanə qazanc əldə etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında biznes fəaliyyəti ilə əlaqədar münasibətlər yaranmış və iddiaçı bu məqsədlə cavabdehə ayrı-ayrı vaxtlarda Səbuhidən aldığı 10.000 manatı, Yeganədən aldığı 10.000 manatı, Esmiradan aldığı 6000 manatı, Ruhiyədən aldığı 5000 manatı, Nuriyədən aldığı 3500 manatı, özünə məxsus isə 8150 manat və 1 ədəd 1000 manat dəyərində sepini Minaya vermiş və Mina hazırda 42650 manat pulu və 1 ədəd 13 qram çəkidə sepi özündə hər hansı hüquqi əsas olmadan saxlamaqla əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi tərəflər arasında biznes fəaliyyətini həyata keçirmək üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır. Cavabdeh tərəfindən iddiaçının tələb etdiyi əsas məbləğlər onun tərəfindən qismən etiraf edilmişdir. Belə ki, o iddiaçıya müəyyən məbləğlərdə pulun qaytarılmasını bildirərərək, özü bunu sübut edə bilməsə də, məhkəmə araşdırılması zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, qaytarılan məbləğlər verilmiş pullara görə əldə edilən qazanclar olmuşdur. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasında daha özünün varlı olmadığını sübut edə bilmədiyindən onun qazanc şəkildə iddiaçıya qaytardığı məbləğlər fayda kimi qiymətləndirilməli və iddiaçlya məxsus əsas borca hesablanmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan cavabdeh iddiaçıya qazancdan başqa hər hansı məbləğdə pul ödəməsi barədə sübut təqdim etmədiyindən iddiaçının qazanc şəklində qəbul etdiyi məbləğ pulun iddiaçıya cavabdeh tərəfindən qazancdan xeyir kimi verilmiş olması təsdiq edilmiş hesab olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Səbuhidən aldığı 10.000 manat, Yeganədən aldığı 10.000 manat, Esmiradan aldığı 6000 manat, Ruhiyədən aldığı 5000 manat, Nuriyədən aldığı 3500 manat, özünə məxsus isə 8150 manat, cəmi 42650 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa da iş materiallarından göründüyü kimi cavabdehə məxsus 1 ədəd 13 qram çəkidə sepi də cavabdeh özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, 1 ədəd 13 qram çəkidə sepin dəyəri ilə bağlı tərəflər arasında mübahisə olmadığından 1 ədəd 13 qram çəkidə sep, həmin sep naturada mövcud olmadığı halda isə onun dəyəri olan 1000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı öz iradəsinə uyğun şəkildə pulları üzərində sərəncam vermiş, hətta həmin pullardan müəyyən qazanc da əldə etmişdir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 42650 manat (qırx iki min altı yüz əlli) manat və 1 ədəd 13 qram çəkidə sep, həmin sep naturada mövcud olmadığı halda isə onun dəyəri olan 1000 manat məbləğində pul, ümumilikdə(1 ədəd 13 qram çəkidə sep naturada mövcud olmadığı təqdirdə) 43650 (qırx üç min altı yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflər qətnamənin surətini rəsmi qaydada aldıqları vaxtdan 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar