Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3672/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 20.09.2006-cı il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat sabit pul məbləğinin, həmçinin mediasiya prosesinə dair ödənilmiş 50 manat xərcin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 20.09.2006-cı il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Onlar bir müddət birgə ailə həyatı yaşadıqdan sonra ailə münasibətləri pozulmuş və sonda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından 20.09.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60 manat aliment məbləği tutularaq, ona ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli qətnaməsi ilə alimentin məbləği 75 manata qaldırılmışdır. 2018-ci ilin avqust ayında maddi çətinlikləri və aliment məbləğinin aşağı olması səbəbindən “alimentin artırılması” tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmənin 31.10.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, alimentin məbləği hər ay 140 manat sabit pul məbləğində artırılmışdır. Hal-hazırda oğlunun 15 yaşı var, Bakı şəhərində yerləşən 10 saylı tam orta məktəbdə 10-cu sinifdə təhsil alır. Hal-hazırda oğlu əlavə olaraq hazırlığa gedir, hazırlığa hər ay 250 manat pul ödəyir, özü yuxarıda qeyd olunan ünvanda kirayədə yaşayır, uşağın belində skalioz və kipoz-sümük əyriliyi var. Bu xəstəliklə bağlı uşaq iki aydan bir reabilitasiya mərkəzinə grtməli və həkim məsləhətinə görə üzgüçülüklə məşğul olmalıdır. Gözündə isə zəiflik var, buna görə vaxtaşırı müalicə almalıdır. Bütün bunlar üçün kifayət qədər çox pul lazımdır. Bunların bir hissəsini həll etmək üçün əlindən gələni edir, amma tək maddi mkanı çatmır. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 140 manat aliment məbləği uşağın tələbatının yarısının belə ödənilməsinə çatmır, uşağın saxlanması üçün daha çox məbləğə ehtiyac duyulur, onların isə maddi vəziyyətləri çox çətindir, ərzaq, paltar və digər yaşayış üçün gündəlik tələbatların qiymətləri günü-gündən bahalaşır. Cavabdeh isə ümumiyyətlə uşaqları ilə maraqlanmır, ona heç bir maddi və mənəvi dəstək olmur. Uşağın bütün maddi və mənəvi ehtiyaclarını o, tək qarşılayır, uşaq böyüyür, uşaqda atasına qarşı ehtiyac artsa da cavabdeh uşağına qarşı heç bir diqqət və qayğı göstərməmiş, uşağın təlim-tərbiyəsində iştirak etməmişdir. Cavabdeh hazırda "xxxx"ın Gəncə filialında texniki şöbənin rəisidir. O, X4 tələblərinə uyğun olaraq ilkin mediasıya prosesində iştirak etməklə, 50 manat mediasiya prosesinə dair xərci ödəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, Bakı şəhərində yaşadığını, himayəsində azyaşlı uşağınının və maddi imkanının çox aşağı olmasını bildirərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, o, özü aldığı məvaciblə sonradan qurduğu ailəsini çox çətinliklə dolandırır. İddiaçı onu səhvən "xxxx" ASC-nin Texniki şöbənin rəisi kimi təqdim etmişdir, lakin o, orta təhsilli olduğundan bankda təsərrüfat işçisi kimi fəaliyyət göstərir. Əvvəllər 20.12.2020-ci ildə dünyasını dəyişmiş anasının aldığı təqaüd onun ailəsinin dolanmasına müsbət təsir edirdi. Bundan əlavə o, anası ilə satış üçün ev şəraitində tərəvəz turşuları hazırlayıb satırdılar, hal-hazırda anasının yoxluğundan ailə büdcələri, bir sözlə dolanışıqları çox çətinləşmişdir. O, hər ay bir uşaq üçün 140 manat davamlı və fasiləsiz şəkildə aliment ödəyir. Onun himayəsində həyat yoldaşı və azyaşlı qızı vardır və onun ailəsi "xxxx" ASC-də təsərrüfat işçisi kimi aldığı maaşla dolanırlar, 7 yaşlı övladı 1-ci sinifdə oxuyur, onun övladını ödənişli hazırlıq kurslarına aparmağa maddi imlanı olmadığından övladının tədris və tərbiyə işləri ilə özləri məşğul olurlar. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli 2(044)- 4753/2018 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 20.09.2006-cı il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 13.12.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 15 noyabr 2014-cü il tarixdə X5 anadan olmuşdur. Gəncə şəhər Təhsil İdarəsi M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 078/1 saylı arayışdan görünür ki, X5 həqiqətən Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin 1-ci sinfində oxuyur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli 2(044)-4753/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 20.09.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli 2(044)-4753/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 20.09.2006cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 02.12.2021-ci il tarixli 2(044)-3672/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3672/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3672/2021
02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver