Məhkəmə qərarları › İş №2(044)-368/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-368/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-368/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən evdə o, digər iddiaçı olan həyat yoldaşı İddiaçı2 və övladları X1 qeydiyyatda olaraq hal-hazıradək faktiki olaraq yaşayırlar. Yaşadıqları dövrdə qaz sayğacından istifadə etmişlər və istifadə etdikləri qazın istifadəsinə görə tarifə uyğun olaraq ödənişləri vaxtlı-vaxtında həyata keçirmişlər. Buna baxmayaraq “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı Akta əsasən ünvan 1 ünvanda yerləşən evə 1904 manat məbləğində heç bir əsas olmadan borc hesablanmışdır. “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən sayğacın istismar müddətinin bitməsi tələbi ilə GE-4 tipli GE markalı 08007922 nömrəli, elektron və mexaniki göstəricisi 26070 kum.m olan qaz sayğacı istismar müddəti bitdiyindən başqa elektron qaz sayğacı ilə əvəz olunmuşdur. İddiaçı olaraq onlar “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta etiraz edərək bildirirlər ki, onlar hər ay qaz pulunu vaxtlı-vaxtında ödəmişlər və heç bir vaxt borcları qalmamışdır, birdən- birə onların onların istismar etdikləri sayğacda qüsurlar aşkarlanmışdır. “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqınmda 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı aktı abonent olaraq onların iştirakı olmadan tərtib olunmuş, onların iştirakı olmadan müayinə olunmuş və nəticədə onların qanunla müəyyən edilmiş hüquqları pozulmuş, onlara cərimə olunmaları barədə heç bir məlumat verilməmiş, bu barədə onların məlumatı yaxın zamanlarda olmuşdur. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədəqətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədəqətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadıqları ünvan 1 ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilən zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin 12.03.2018-ci il tarixli MSK 29/1710- 00021-2 əsasən sayğacın metrologiya plombları fərqlidir, batareya yuvasına vurulmuş plomb aşkar olunmamış, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi barədə akt tərtib olunmuş, iddiaçı tərəfindən 9720 kub metr qaz sərfiyyatı olması müəyyən edilmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 21.09.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı AKT-ın surətindən görünür ki, abonent İddiaçı1 yaşadığı ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman MSK 29/1710-00021-2 əsasən sayğacın metrologiya plombları fərqlidir, batareya yuvasına vurulmuş plomb aşkar olunmamış, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi barədə akt tərtib olunmuş, iddiaçı tərəfindən 9720 kub metr qaz sərfiyyatı olması müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. 05.12.2017-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT-dan görünür ki, abonent İddiaçı1 yaşadığı ünvan 1 ünvanda quraşdırılmış G4 markalı 08AZ**********2 nömrəli qaz sayğacı G4 markalı 1702AZ**********67 nömrəli qaz sayğac ilə əvəz edilmişdir. 26.09.2018-ci il tarixli istehlakçı İddiaçı1 məxsus ünvan 1 ünvanda itirilmiş qazın bərpası üzrə tələb, cəmi 9720 kub m-dir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın metrologiya plomblarının fərqli olması, batareya yuvasına vurulmuş plomb aşkar olunmaması cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın metrologiya plomblarının fərqli olması, batareya yuvasına vurulmuş plomb aşkar olunmamasını nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçılrarın tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən sayğacın metrologiya plomblarının fərqli olması, batareya yuvasına vurulmuş plomb aşkar olunmaması təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akt ləğv edilməli və həmin akta əsasən hesablanmış boc məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akt ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən 21.09.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış borc məbləği silinsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar