Məhkəmə qərarları › İş №2(044)-3733/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3733/2021

11.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3733/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı X8 vəkili X2, Cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh1 və X5 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 cavabdehlər Cavabdeh1 və X5 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Təbriz küçəsi 38 saylı mülkə dair mərhum anası X9 adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin əmlaka müayinə baxışına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X21 vəkili X15 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, Gəncə şəhəri Təbriz küçəsi 38 saylı mülk mərhum anası X16 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən keçmişdir. Lakin onun adına daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməmişdir. O, anasından miras qalmış evlə bağlı vərəsəliyin müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmış, lakin anasının adına daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə məhkəmə prosesi yekunlaşa bilmədi. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək anasının adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin həmin mülkdə yaşayan qardaşı Cavabdeh1 və onun arvadı X17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən evə baxış üçün gedən əməkdaşları evə buraxmamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Onun qeyd edilən mülklə bağlı gözlənilən mülkiyyət hüququ var. Hazırda cavabdehlərin hərəkətləri həm vərəsəlik, həm də gözlənilən mülkiyyət hüququnu pozur. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X17 və Cavabdeh1 hər biri ayrıayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən sözügedən əmlaka müayinə baxışına heç bir maneə törətmədiklərini qeyd edərək istənilən vaxt əməkdaşlar tərəfindən keçiriləcək müayinə baxışına şərait yaradacaqlarını bildirdilər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, Kirovabad şəhəri 3-cü sahə Xalq məhkəməsinin 1940cı il tarixli qətnaməsinə əsasən Həsənov İbrahimdən qalan mülkə Həsənova Ruhiyənin, X10, X11, X12, X13, X14, X4 vərəsəlik hüquqları tanınmışdır. Kirovabad şəhər Xalq məhkəməsinin 12.05.1944-cü il tarixli qətnaməsinə əsasən ünvanı Kirovabad şəhəri, Kommunist küçəsi, 42 olan bu fərdi yaşayış evi X22, X23 və X24 arasında bölünmüşdür. Kirovabad şəhəri notariat kontorunun 02.03.1949-cu il tarixli 1647 saylı bağışlama müqaviləsinə əsasən X24 ona məxsus Kommunist küçəsi, 42 saylı fərdi yaşayış evini X18 bağışlamışdır. Kirovabad şəhər notariat kontorunun 10.11.1959-cu il tarixli 17/2570-360 saylı bağışlama müqaviləsinə əsasən X25 bu mülkü: (12.2 kvm, 19.6 kvm iki yaşayış otaqları, 8.6 kvm əl damı, 6.2 kvm mətbəx, 3.9 kvm, 5.5 kvm eyvanlar)X19 bağışlamışdır. X13 adına bu əmlakın yerləşdiyi 305.0 kvm torpaq sahəsinə dair 17.11.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun 22.10.1976-cı il tarixli 5-1439 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Kommunist küçəsi, 38 olan bu əmlak X6 adına keçmişdir. Hal-hazırda ünvanı ünvan 1n dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisinin 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 38 saylı evin mülkiyyətçisi X26 22.09.1986-cı il tarixdə vəfat etmişdir. Mərhumun qızı X1 şəhəri, Təbriz küçəsi, 38 saylı evə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bununla əlaqədar Gəncə şəhəri, Təbriz küçəsi, 38 saylı evin mərhum X9 adına dövlət reyestrində qeydə alınıb ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin ərizəçi X9 vərəsəsi X20 ünvanlanmış bildirişindən görünür ki, X8 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 iyul 2021-ci il tarixli ərizəsinin icrası əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün mümkün olmamışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş AZ-İİ № 142421 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 22.09.1986-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 ilə X7 birgə nikahlarından Gəncə şəhərində xx.xx.1957-ci il tarixdə X21 anadan olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra – Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı mülkə dair mərhum anası X9 adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin əmlaka müayinə baxışına cavabdehlər tərəfindən edilən maneə aradan qaldırılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı mülkə dair X9 adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin əmlaka müayinə baxışına cavabdehlər tərəfindən edilən maneə aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar