Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-385/2020 07.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrəvə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh onun qaynıdır və onun qaynı olan cavabdeh 2015-ci ilin avqust ayında ona müraciət edərək pula ehtiyacı olduğunu, ən geci 2 ay müddətinə qaytaracağını bildirərək, ondan 5000 ABŞ dolları miqdarında borc pul istəmişmişdir. O, Rusiyada yaşayan və işləyən həyat yoldaşı ilə məsləhətləşdikdən sonra, cavabdehin borcu vaxtında qaytaracağını güman edib, cavabdehə borc olaraq istədiyi həmin məbləği vermişdir. Lakin razılaşdırılmış müddət ötməsinə baxmayaraq Cavabdeh borcundan hər hansı ödəniş etməmiş, bir neçə dəfə vaxtı uzatmış və hər dəfə də onu aldatmışdır. Elə ona görə də o, cavabdehdən incimiş, həmin ilin dekabr ayında keçirdiyi toy mərasimlərinə getməmişdir. Ötən illərdə cavabdeh borcunu etiraf etsə də, hər dəfə vaxt istəmiş, hətta evini satıb borcunu ödəyəcəyini vəd etmiş, lakin hər dəfə cavabdeh onu aldatmış, hətta sonda onu hədələyərək, təhqir də etmişdir. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşı arvadı, cavabdeh isə onun qardaşıdır. O, 2015-ci ili avqust ayında Donaraya məxsus olan evdə olan zaman, Donara onunla məsləhətləşərək, ona Elçinin ondan 5000 ABŞ dolları miqdarında pul istədiyini demişdir. Ondan bir böyük kimi həmin pulu Elçinə verməsi barədə soruşmuşdur. O, nə olasıdı, ver demişdir. Donara da onun yanında 5000 ABŞ dollarını sayıb Elçinə vermişdir. Həmin vaxt Elçin ona narahat olmamasını 2 ay müddətinə pulu qaytaracağını bildirmişdir. X3 aldığı 5000 ABŞ dollarını vermir. Donara ona Elçinin pul istədiyini deyəndə o, Elçinin yad adam olmadığını, ona görədə notarial qaydada müqavilə bağlamadan verməsi məsləhət bilmişdir. O, qardaşı Elçinə inandığına görə də Donaraya heç bir yazılı qəbz alması və ya notarius vasitəsi ilə müqavilə imzalatdırmasını məsləhət bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, İddiaçı oğludur. Cavabdeh onun əmisidir. Onun əmisi 2015-ci ilin avqust ayında anası Donaradan borca 5000 ABŞ dolları pul istəmişdir. Anası Donara 5000 ABŞ dolları miqdarında pulu əmisi Elçinə vermişdir. Həmin vaxt əmisi həmin pulu 2 aya qaytaracağına söz vermişdir. Onun anası Donara inandığı üçün əmisinə 5000 ABŞ dolları məbləğində pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 5000 ABŞ dolları məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 5000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-385/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-385/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver