Məhkəmə qərarları › İş №2(044)-3852/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3852/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3852/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlu, İddiaçı cavabdeh Unibank KB ASC-yə qarşı banka olan 266.68 manat məbləğində qalıq borcunun 06 aprel 2021-ci il tarixdə tam ödədikdən sonra, yəni 06 aprel 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixinədək kreditor tərəfindən hər ay 45 manat məbləğində olmaqla 315 manat artıq tutulmanın qaytarılması və bundan sonra tutulmanın dayandırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh Unibank KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh kreditor banka olan 266.68 manat məbləğində qalıq borcunun 06 aprel 2021-ci il tarixdə tam ödədikdən sonra, yəni 06 aprel 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixinədək kreditor tərəfindən hər ay 45 manat məbləğində olmaqla 315 manat artıq tutulmanın qaytarılması və bundan sonra tutulmanın dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayyət edilmədiyindən, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olunmuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçının tələbini yönəltdiyi Unibank KB ASC-nin Gəncə filialı isə hüquqi şəxs olmayaraq, hüquqi şəxsin filialı olduğundan iddiaçı tələbini filiala qarşı yönəltməkdə haqlı olmamışdır. Unibank KB ASC-nin rekvizitlərindən də görünür ki, həmin hüquqi şəxs ünvan 1 ünvanında yerləşir və hüquqi şəxsin olduğu yer Bakı şəhəri Nəsimi rayonu ərazisidir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, aidiyyət qaydalarına riayət etməklə hazırki tələblə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə müraciət etməlidir. İddiaçının tələbi üzrə cavabdeh qismində hüquqi şəxs olan Unibank KB ASC çıxış etməli və iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən Unibank KB ASC-nin hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildisə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Unibank KB ASC-yə qarşı banka olan 266.68 manat məbləğində qalıq borcunun 06 aprel 2021-ci il tarixdə tam ödədikdən sonra, yəni 06 aprel 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixinədək kreditor tərəfindən hər ay 45 manat məbləğində olmaqla 315 manat artıq tutulmanın qaytarılması və bundan sonra tutulmanın dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar