Məhkəmə qərarları › İş №2(044)-386/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-386/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-386/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına bağlanmış 08.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, “Hyundai Veloster” markalı, 2013-cü il buraxılışlı, tünd narıncı metallik rəngli, **-DF-*** qeydiyyat nişanlı (əvvəlki nömrəsi) avtomobil AC№126788 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olmuşdur. Həmin avtomobili oğlu Eminin hərbi xidməti dövrü ilə bağlı istifadə etməsi üçün əvvəllər tanıdığı X2 baş etibarnamə ilə vermişdir. X1 etibarından sui-istifadə edərək həmin avtomobili “xxxx” MMC-yə rəsmiləşdirməklə öz adına lizinq etdirmiş və avtomobilə yeni **-PD-*** dövlət qeydiyyat nişanı almışdır. O, bu barədə məlumat əldə edən kimi özünün mükiyyətinin müdafiəsi ilə bağlı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir və yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.01.2020-ci il tarixli, 2(102)-18/2020 nömrəli Qərarı ilə avtomobil onun sahibliyinə, istifadəsinə və sərəncamına qaytarılmışdır. Lakin sonradan o, avtomobilini yenidən adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, Elfad Həsənovla mübahisəsi gedən müddət ərzində avtomobil bilərəkdən Həsənov Elfad tərəfindən “AVTO CARS-017” adlanan avto salona satılmış və həmin avtomobili də həmin salondan götürülmüşdür. Avtomobilinin ondan qanunsuz alındığı bəlli olduğu təqdirdə həmin avtomobili “Avto Cars-017” salonu tərəfindən Cavabdeh satılmış və onun adına hazırda qeydiyyat şəhadətnaməsi verilmişdir. Bu halda o, avtomobili üzərində sərəncamverici hüquqlarını həyata keçirə bilmir. Bu hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsini aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə dair etirazında göstərmişdir ki, 08.08.2019-cu il tarixdə o, Hyundai Veloster” markalı, 2013-cü il buraxılışlı avtomobili öz adına keçirərək qeydiyyat şəhadətnaməsi almışdır. İddiaçı həmin avtomobillə bağlı ondan əvvəl əqdlərin olduğunu bilsə də, həmin əqdləri mübahisələndirməmiş və iddia müddətini ötürmüşdür. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(104)-2865/2018 saylı qətnaməsinin surətindən görünür ki, “Hyundai Veloster” markalı, **- PD-*** (əvvəlki qeydiyyat nişanı **-DF-***) qeydiyyat nişanlı avtomaşının İddiaçı geri qaytarılması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(043)-235/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “Hyundai Veloster” minik markalı, **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 13.09.2019-cu il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(104)-2865/2018 saylı qətnaməsi icra edilərək “Hyundai Veloster” markalı, **-PD-*** (əvvəlki qeydiyyat nişanı **-DF-***) qeydiyyat nişanlı avtomaşın İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2019-cu il tarixli AD 547712 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Veloster” markalı, **-OM- *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh adına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bununla da, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(104)-2865/2018 saylı qətnaməsinə əsasən “Hyundai Veloster” markalı, 2013-cü il buraxılışlı, tünd narıncı metallik rəngli, **-DF-*** qeydiyyat nişanlı avtomobilin (əvvəlki nömrəsi) İddiaçı qaytarılması müəyyən edilmiş və məhkəmənin qərarı icra edilərək həmin avtomobil İddiaçı qaytarılmış və hal-hazırda həmin avtomobil İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən Hyundai Veloster” markalı, 2013-cü il buraxılışlı, tünd narıncı metallik rəngli, **-DF-*** qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarıldığından həmin avtomobilin Cavabdeh satılmasına dair 08.08.2019-cu il tarixli alqısatqı müqaviləsi və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Hyundai Veloster” markalı, 2013-cü il buraxılışlı avtomobilin Cavabdeh satılmasına dair 08.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 08.08.2019-cu il tarixli AD 547712 nömrəli qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar