Məhkəmə qərarları › İş №2(044)-3875/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3875/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3875/2021 01.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçı X1, caavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və qızıl-zinət əşyalarının alınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 məhkəməyə iddia ərizəsi ilə müraicət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində nağd pulun, qızıl-zinət əşyalarının dəyəri olan 22320 manatın, cəmi 25320 manatın və ödənilmiş 165 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmişdır ki, cavabdehlər onun qonşusudur. X4 isə Cavabdeh2 vasitəsilə ilə tanımış, həmişə aralarında hörmət və yaxın qonşuluq münasibətləri olmuşdur. Onun əmisi nəvəsi Fuad Gəncə şəhərində yerləşən “Univermaq Ticarət Mərkəzi”də işləyir. Aytən və Anar ondan Fuaddan 10-15 gün gözləmək şərti ilə qızıl-zinət əşyalarını alıb onlara verməsini xahiş etmişlər. Qonşu kimi tanıdığı üçün etibar edib Fuaddan onlara ayrı-ayrı vaxtlarda qızıl-zinət əşyaları alıb vermişdir. Belə ki, 17.01.2021-ci il tarixdə Aytən ondan həyat yoldaşının ad günü münaibəti ilə bir ədəd briliyant üzük almış, onun 1700 manatını, ayda 600 manat olmaqla 3 ayını ödəmiş, 1100 manat borcu qalmışdır. 17.01.2021-ci il tarixdə 3200 manata 2 ədəd komplekt sırğa üzük almış, ayda 500 manat olmaqla 2 ay cəmi 1000 manat ödəmiş, 2200 manat borcu qalmışdır. Yenidən 2021-ci ilin fevral ayında ondan briliyant üzük almış, 3 ayını ödəmiş, 1100 manat borcu qalmışdır. Bundan başqa qiyməti 1100 manat olan qızıl bilərzik alıb vermiş, ayda 200 manat olmaqla 3 ayını, yəni 600 manatını ödəmiş, 500 manat borcu qalmışdır. Təkrarən 2021-ci ilin mart ayında qiyməti 1200 manat olan qızıl boyunbağı alıb cavabdehlərə vermiş, onlar da ayda 100 manat, 150 manat, 450 manat olmaqla 3 ay ödəniş etmiş, 650 manat borcu qalmışdır. Bundan başqa 2850 manat məbləğində qarnetur dəsti alıb vermiş, 1150 manat ödəniş olunmuş, 1700 manat borcu qalmışdır. Bundan başqa qiyməti 3520 manat məbləğində boyunbağı almış, nağd aldığını bildirsələr də pulunu ödəməmişlər. Həmin ay qiyməti 3800 manat olan qızıl dəst almış, ay yarıma ödəyəcəklərini bildirsələr də, heç bir ödəniş etməmişdir. Eyni zaman da qiyməti 950 manat olan dəst səfir almış, 500 manatını ödəmiş, 450 manat borcu qalmışdır. Həmçinin cavabdehlər ondan müxtəlif vaxtlarda aldığı qızıl-zinət əşyalarından yaranan 7300 manat borcu qalmışdır. Həmin məbləği tələb edib Fuada qaytaracağını bildirmiş, cavabdehlər isə özlərinə məxsus evi banka girov qoyub pul götürəcəklərini və borclarını ödəyəcəklərini bildirmişlər. Bunun üçün sənədlərin yığılmağı müəyyən bir müddət tələb etdiyindən Aytən ona özünə məxsus qızılları banka girov qaymasını, pul götürüb Fuadın borcunu bağlamağını, sonra isə borclarını artıqlaması ilə ona ödəyəcəklərini bildirmişlər. O da öz növbəsində bankdan 7128 manat götürüb Fuaddan götürdüyü qızılların pulunu qaytarmışdır. Aytən bankdan götürdüyü pulu ödəyəcəyini bildirib 400 manat banka pul ödəmişdir. Bundan sonra cavabdehlər heç bir ödəniş etməmişdir. O da məcbur qalıb polisə müraciət etmişdir. Polisə verdiyi izahatlarında cavabdehlər ona olan 3000 manatı və ondan aldığı qızıl-zinət əşyalarını etiraf etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini bildirirək məhkəmədən qanunauyğun qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmaraq gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 01.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o iddianı tam şəkildə qəbul etmişdir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı qohumu olan qızıl-zinət əşyalarını satan şəxsdən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alaraq cavabdehlərə nisyə olaraq vermişdir. Cavabdehlər isə müxtəlif vaxtlarda aldıqları qızıl-zinət əşyalarının pulunun bir hissəsini ödəsə də, tam olaraq ödəməmiş, öhdəliklərini tam olaraq icra etməmiş və borcu yığılmışdır. İddiaçı qızıl-zinət əşyalarının pulunu tam olaraq özü ödəmiş, cavabdehlərdən pulu tələb etsə də cavabdehlər pulu qaytarmamışlar. Məhkəmədə cavabdehlərin hər ikisi iddia tələbini etiraf etmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərin iddianı etiraf etməsi qəbul edilməli, cavabdehlərdən müştərək qaydada 3000 (üç min) manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının dəyəri olan 22320 (iyirmi iki min üç yüz iyirmi) manatın, cəmi 25320 (iyirmi beş min üç yüz iyirmi) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı 165 manat məbləğində dövlət rüsümu ödəmişdir, həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının dəyəri olan 22320 (iyirmi iki min üç yüz iyirmi) manatın, cəmi 25320 (iyirmi beş min üç yüz iyirmi) manatın və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat alınaraq, iddiaçı X2 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar