Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-412/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 341 manat borc, 34 manat cərimə məbləği, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 395 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31329 “Samsung galaxy A10” markalı telefon almış və nəticədə 375 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 372 manat (yəni 12 ay x 31 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********31329 “Samsung galaxy A10” markalı telefon üçün 375 manat olmaqla, ondan 341 manat ödənilmiş hissə, 34 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 31 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızıl zəmanət şərtlərinə əsasən məhsulun təmiri 14 gün ərzində həyata keçirilir, lazım olan ehtiyat hissəsi mövcud olmadığı halda təmir müddəti 30 günədək uzadıla bilər. Cavabdeh “Samsung galaxy A10” markalı telefonu təmir üçün qızıl zəmanət şərtlərinə uyğun olaraq servisə təhvil versə də müəyyən edilmişdir ki, telefonda şəbəkə yaxşı tutmur və telefona zəng çatmır. Servizdə telefon müayinə edilmiş və cavabdehə təhvil verilmişdir. Sonradan cavabdeh telefonda şəbəkə tutmadığından və telefona zəng çatmadığından yenə də telefonu servizə vermiş və telefonda qeyd edilən qüsurlar olduğundan cavabdeh ödənişləri dayandırmışdır. Hesab edir ki, cavabdeh ödənişləri ödəməməklə öhdəliyin icrasını pozmuşdur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, müqavilə üzrə ödəməli olduğu pulu əvvəlcə ödəmişdir. “Samsung galaxy A10” markalı telefonu aldığı gündən həmin telefonda nasazlıq yaranmışdır. Belə ki, telefonda şəbəkə tutmamış, zəng çatmamışdır. Yaranmış nasazlığın aradan qaldırılması üçün həmin telefonu “xxxx” MMC-nin servisinə təhvil vermişdir. Telefon servis tərəfindən bir neçə dəfə təmir olunsa da, yenə də işləməmiş, qeyd olunan problemlər aradan qalxmamışdır. O da bundan sonra telefona görə ödənişləri dayandırmışdır. Hesab edir ki, iddiaçı zəmanət şərtlərini pozduğu üçün onun iddiası təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-dən qiyməti 372 manat olan İMEİ kodu **********31329 “Samsung galaxy A10” markalı telefonu, 1 illik qızıl zəmanətlə ilkin ödənişsiz, ayda 31 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 20-i tarixində ayda 31 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 31 manat ödəmiş, 341 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş aparılmış işlər barədə çıxarışdan görünür ki, “Samsung galaxy A10” markalı telefon xx.xx.2020-ci il tarixdə “sim şəbəkə yaxşı tutmur, çox vaxt cihaza zəng çatmır” qüsurları ilə servisə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqısatqı müqaviləsinə görə əşya alıcının mülkiyyətinə verilməli və həmin əşyanın qiyməti alıcı tərəfindən ödənilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinə əsasən əşyalar cavabdehə xüsusi zəmanət şərti ilə satılmışdır. Məhkəmədə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, alınmış məhsul bir neçə dəfə eyni qüsurla (telefonda şəbəkə yaxşı tutmur və telefona zəng çatmır) servisə təqdim edilmişdir. Servisdə telefon müayinə edilib həmin qüsurların aradan qalxdığı bildirilsə də, həmin qüsurlar aradan qaldırılmamışdır. Qeyd olunan hal iddiaçının müqavilə üzrə öhdəliyinin icrasından əsassız olaraq boyun qaçırdığını göstərir. Bundan sonra cavabdeh telefon üçün ödənişləri ödəməyi dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinin ilk növbədə iddiaçının özü tərəfindən pozularaq təminat verilmiş təmirin əsassız olaraq həyata keçirilmədiyi, bunun nəticəsində də cavabdehin müqavilə üzrə ödənişləri dayandırdığı müəyyən edilmişdir. Məhkəmə cavabdehin hərəkətlərinin müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olduğunu qeyd edərək həmin hərəkətləri cavabdehin öhdəliyi pozması kimi qiymətləndirmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halənda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-412/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-412/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver