Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-425/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6140 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 09.05.2016-cı il tarixdə, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, 09.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 6700 manat məbləğində pulu 12.06.2016-cı il tarixdən başlayaraq hər ay ödəmək şərti ilə 42 ay müddətinə, yəni 12.12.2019-cu il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borc məbləğini hissə-hissə cəmi 560 manat ödəniş etmişdir və qalıq borc məbləğini ödəməmişdir və ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə vermiş olduğu məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə o ödənilməyən 6140 manat məbləğində pulu dəyərləndirə bilməmişdir. Buna görə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bundan əlavə 09.05.2016-cı il tarixli kredit müqavləsinin 8ci bəndinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmaqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh 6700 manat borcundan cəmi 560 manat ödəniş etmiş, ödədiyi pulun 200 manatını ona şəxsən vermişdir. İddiaçı məhkəməyə teleqram göndərərk işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o iddiaçıya hissə-hissə 1790 manat ödəniş etmiş, 200 manat pulu özü şəxsən iddiaçıya vermişdir. Qalan borcu isə poçt və “xxxx” ASC-nin Gəncə filialı vasitəsilə göndərmişdir. Onun hazırda iddiaçıya 4400 manat borcu vardır. Sonda cavabdeh iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 9 may 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı 6700 manat məbləğində borc pul almış, həmin pulu hissə-hissə olmaqla 42 ay müddətinə, yəni 12.12.2019-cu tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin Azərpoçt MMC-yə ünvanladığı 05.11.2020-ci il tarixli 2(044)-3144/2020 saylı məktubuna cavab olaraq Azərpoçt MMC-nin 14 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən 09.05.2016-cı il tarixdən bugünə kimi İddiaçı adına heç bir pul köçürməsi göndərilməmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialına ünvanladığı 10 fevral 2021-ci il tarixli 2(044)-425/2021 saylı məktubuna cavab olaraq Azərpoçt MMC-nin 15 fevral 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına X1 tərəfindən 26.07.2019-cu il tarixdə və 03.07.2019-cu il tarixdə hər dəfə 100 manat, X3 tərəfindən 19.11.2019-cu il tarixdə və 25.01.2020-ci il tarixdə hər dəfə 80 manat ödəniş edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin Azərpoçt MMC-yə ünvanladığı 17 mart 2021-ci il tarixli 2(044)-425/2021 saylı məktubuna cavab olaraq Azərpoçt MMC-nin 02 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X4 tərəfindən İddiaçı adına 17.09.2019cu il tarixdə və 19.11.2019-cu il tarixdə hər dəfə 80 manat pul köçürülmüşdür. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 448.1-c maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan aldığı 6700 manat borc pulu 42 ay müddətinə, 12.12.2019-cu il tarixdək hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Bununla belə iddiaçı cavabdehin cəmi 560 manat pul ödədiyini, 6140 manat borcu qaldığını, cavabdeh isə iddiaçıya cəmi 2300 manat ödəniş etdiyini, 4400 manat borcu qaldığını bildirsələr də, Azərpoçt MMC-nin məktublarından və iddiaçının izahatından müəyyən olunur ki, cavabdeh ailə üzvlərinin adından iddiaçıya cəmi 520 manat pul göndərmiş, həmçinin 200 manat pulu şəxsən, əlbəəl iddiaçının özünə vermiş, cəmi 5980 manat borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 5980 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 23 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5980 (beş min doqquz yüz səksən) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-425/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-425/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver