Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-444/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun bir otaqlı mənzilini almaq üçün verdiyi 12000 manatın və dövlət rüsumu kimi ödədiyi 31 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə 2018-ci ildə sonucuya məxsus birotaqlı evi 18 000 manata almağa razılaşmışdır. Razılaşmalarına əsasən sonuncunun evinə gedib ona 12 000 manat pul vermiş və qalan 6000 manatı da evin alqı-satqısını rəsmiləşdirəndə verəcəyini demişdir. Lakin cavabdeh sonradan evi 18 000 manata deyil, 25 000 manata satdığını bildirmişdir. O, cavabdehin evin satış qiymətini qaldırması ilə razı olmamış, verdiyi 12 000 manatı geri istəmişdir. Lakin cavabdeh onun pulunu geri qaytarmadığı üçün o, xx.xx.2019-cu il tarixdə cavabdehdən polisə şikayət etmiş, Nizami Rayon Polis İdarəsində bu barədə araşdırma aparılmışdır. xx.xx.2020-ci il tarixdə onunla cavabdeh arasında olan pul haqq-hesabına görə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də o, xx.xx.2020-ci il tarixli 102 xidmətinə zəng edib təxminən bir il bundan əvvəl Fazilə adlı qadının dələduzluq edərək ondan pul alması barədə aparılan araşdırmanın natamam, qeyri-obyektiv aparılması barədə şikayət etmiş və həm də onun Prokurorluğa və Gəncə şəhər Baş Polis İdarəsinə buraxılmamağı səbəbindən intihar edəcəyini bildirmişdir. Həmin məlumat üzrə Gəncə şəhər Nizami rayon X4 Bölməsində araşdırma aparılmış və ona izah edilmişdir ki, bu barədə olan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etsin. Onun cavabdehdən tələbi tam qanunidir. Cavabdeh ona böhtan ataraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin TB-də araşdırma aparılarkən demişdir ki, guya o, sonuncuya ev almaq məqsədi ilə deyil ondan ayda 25 faiz ödəmək şərti ilə sələmə 5000 manat pul götürmüş və hər ay ona guya 1250 manat ümumilikdə 15 min manat pul ödəmişdir. Bu tamamilə böhtandır. Çünki o, cavabdehdən ev alqı-satqısı üçün ödədiyi 12 000 manatı tələb edir. O, ikinci qrup əlildir. Cavabdehə 12 000 manat pulu ödəmək üçün 3000 ABŞ dollar atasının X3 adlı qadına saxlamaq üçün verdiyi pulu, 4000 manatı bacısı X1, qalan 5000 manatı isə banklardan kredit götürmüşdür. O, banklardan götürdüyü pulu ödəməkdə çətinlik çəkir, maddi imkansızlığa görə vaxtlı-vaxtında xəstəliyini də müalicə etdirə bilmir. Pulunu isə cavabdehdən ala bilmir ki, borclarını qaytarıb, müalicəsini etdirsin. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmiyərək bildirmişdir ki, onunla iddiaçı arasında hər hansı ev alqı-satqısı üçün ödəniş olmamışdır. O, iddiaçıdan ayda 25 faiz ödəmək şərti ilə əvvəl 3000 ABŞ dolları daha sonra 2000 manat olmaqla, cəmi 7000 manat sələmə pul götürmüşdür. O, hər ay əvvəl 500 manat, son 1 il 6 ay ərzində isə hər ay 1500 manat iddiaçıya pul ödəmiş, onun iddiaçıya heç bir borcu qalmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışdan görünür ki, İddiaçı dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, xroniki baş beyin araxnoiditinin kəskinləşməsi, dəqiqləşdirilməmiş ensefalopatiya, İİ mərhələ, Epilepsiya, tez-tez epileptik tutmalarla (ayda 5-6 dəfə) diaqnozu qoyulmuş və o, ikinci dərəcəli əlildir. - xx xxxxxxxx 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Qala küçəsi, ev 18, mənzil 6-da yaşayan İddiaçı intihar etmək istəməsi faktı öz təstiqini tapmamış, həmin şəxs intihara cəhd etməmiş və özünə heç bir xəsarət yetirməmişdir. Ona görə də toplanmış materialda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin vətəndaş İddiaçı, Cavabdeh qarşı olan pul tələbi ilə bağlı toplanmış materialda cinayət tərkii olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə ev alqı-satqısına görə 12000 manat pul verdiyini bildirsə də, tərəflər arasında bu barədə razılaşmanın olmasına dair hər hansı sənəd mövcüd deyil. Həmçinin cavabdeh iddiaçıdan borc üçün 7000 manat pul aldığını bildirsə də, tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyil. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi cavabdeh heç bir əsas olmadan iddiaçıdan pul alaraq iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh məhkəmədəki izahatında iddiaçıdan 7000 manatı aldığını etiraf etdiyi üçün iddiaçı tərəfindən cavabdehə 7000 manat məbləğində pulun verilməsi işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçı cavabdehə 12000 manat pul verdiyini, cavabdeh isə aldığı 7000 manat pulu iddiaçıya qaytardığını bildirsələr də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 12000 manatın verilməsi və cavabdeh tərəfindən aldığı 7000 manat pulun iddiaçıya qaytarılması sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 7000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 17 (on yeddi) manat məbləğində hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-444/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-444/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver