Məhkəmə qərarları › İş №2(044)-462/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-462/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-462/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh1” İB-nə və Gəncə X4 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək “Cavabdeh1” X1 Qaz idarəsi tərəfindən əsassız və qanunsuz hesablanmış 993.60 manat məbləğində pulun silinməsi və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda tək yaşayır. Hamı kimi o da mənzilinə quraşdırılmış qaz sayğacından istifdə edir. Qaz sayğacından istifadə etdiyi illər ərzində hər hansı bir qaz ilə bağlı evində nöqsan baş verməmişdir. Belə ki, 2020-ci ilin aprel ayında Gəncə qaz idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılmış və ona evinin dam örtüyünün üstündə əlavə qaz xəttinin olduğu bildirilmişdir. Onun bu barədə məlumatının olmamasını bildirməsinə və etirazlarına baxmayaraq qaz idarəsinin işçiləri ona xx.xx.2020-ci il tarixli ******* saylı aktı tərtib edərək 993.60 manat cərimə olunduğunu bildirmişlər. O, evində tək yaşayır və hər ay qazın kartına pul yükləyib mətbəxində olan qaz peçindən istifadə edir. Aktda isə 1 ədəd kombi, 1 ədəd PQ-3 və 1 ədəd PQ-4 adlı cihazlar qeyd olunmuşdur. Hesab edir ki, həmin akt ilə hesablanmış cərimə tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar cərimə hesablanarkən tərtib edilmiş aktda göstərilmişdir ki, 993.60 manat cərimə evdə olan kombinin, PQ-3-ün və PQ-4-ün maksimal qaz sərfi 24 saat ərzində və 90 gün qəbul edilməsi nəzərə alınmaqla hesablanmışdır. Hesab edir ki, bu cür hesablanma heç bir həqiqəti əks etdirmir, tam olaraq qanunsuz hesablanma aparılmışdır. Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən evdə qazla bağlı yoxlama aparılarkən aprel ayı olmuşdur. Aprel ayında isə 24 saat ərzində kombidən maksimal istifadə edilməsi heç bir həqiqəti əks etdirmir, bundan başqa evin həyətində olan PQ-3-ün maksimal qaz sərfinin 24 saat ərzində və 90 günlük qaz sərfinin hesablanması da düzgün deyil, belə ki, onlar həmin PQ-3-dən ümumiyyətlə istifadə etmirlər. Qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 993.6 m3 qeyd olunmuşdur. Həmin tələbnamədə dəymiş ziyanın həcminin hesablanması ilə bağlı qaz işlədicilərindən kombinin 24 kv maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının: -3.4-cü bəndinə əsasən qaz xətlərinə qanunsuz qoşulmaqla qazın talanması hallarında vurulmuş zərər müəyyən olunarkən, qaz paylayıcısı tərəfindən bu “Təlimat”ın 5ci bəndinə uyğun olaraq qaz paylayıcısının balans mənsubiyyətinə aid olan qaz xətlərinə keçirilmiş sonuncu baxış tarixindən qazın talanması halının müəyyən olunduğu günədək, lakin üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri, qaz xətlərinə qanunsuz qoşulmuş və mövsümə uyğun olaraq istifadə edilən qaz qurğularının texniki pasportunda göstərilən maksimal saatlıq qaz sərfinə uyğun və sutkanın 24 saatı ərzində qazdan istifadə edildiyi nəzərə alınmaqla hesablanır. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvanda əlavə qaz xəttindən istifadə edildiyi təsdiq olunsa da, itirilmiş qazın hesablanması ilə bağlı dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilənləra dair, yəni həmin ərəfədə qaz işlədici tərəfindən kombinin, həmçinin PQ-3-ün maksimal qaz sərfiyyatının 24 saat ərzində və 90 gün qəbul edilməklə hesablanmasına dair cavabdehə borcu əsaslandıracaq sübutu təqdim edilməsi təklif edilmiş, lakin qeyd edilən borcun yaranması barədə heç bir subut məhkəməyə təqdim edilməmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarınında da göstərilənlərə uyğun olaraq qaz xətlərinə qanunsuz qoşulmaqla qazın talanması hallarında vurulmuş zərər müəyyən olunarkən, qaz paylayıcısı tərəfindən qaz xətlərinə keçirilmiş sonuncu baxış tarixindən qazın talanması halının müəyyən olunduğu günədək, lakin üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri, qaz xətlərinə qanunsuz qoşulmuş və mövsümə uyğun olaraq istifadə edilən qaz qurğularının texniki pasportunda göstərilən maksimal saatlıq qaz sərfinə uyğun və sutkanın 24 saatı ərzində qazdan istifadə edildiyi nəzərə alınmaqla hesablanmalıdır. Lakin cavabdeh Gəncə X4 İdarəsi tərəfindən qaz xətlərinə keçirilmiş sonuncu baxış tarixindən qazın talanması halının müəyyən olunduğu günədək olan müddət barədə hər hansı sübutlar təqdim edilə bilməmişdir. Həmin müddət müəyyən olunmadan qaz işlədici tərəfindən kombinin, həmçinin PQ-3-ün və evdə olan PQ-4-ün maksimal qaz sərfiyyatının 24 saat ərzində və 90 gün qəbul edilməklə hesablandığından məhkəmə hesab edir ki, dəymiş ziyanın hesablanması ilə bağlı kombiyə görə hesablanmış 561.6 manat və PQ-3-ə görə hesablanmış 172.8 manat, cəmi 734.4 manat silinməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana” qarşı işüzrə Avropa Məhkəməsi özünün xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əbilovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edilənləri nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Cavabdeh1” X1 X4 İdarəsi tərəfindən qazdan istifadəyə görə hesablanmış 993.60 manat məbləğində borcdan 734.4 manat silinməlidir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Cavabdeh1” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış 993.60 manat məbləğində borcdan 734.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı “Cavabdeh1” İstehsalat Birliyinin Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı aktla hesablanmış 993.60 manat borcdan 734.40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat borc silinsin. Qətnamə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar