Məhkəmə qərarları › İş №2(044)-495/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-495/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-495/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çəkdiyi xərclərə görə 5000 manat, evin alqı-satqısı üçün 1200 ABŞ dolları pulun müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini 1200 ABŞ dolları qarşılığında almış, lakin notarial qaydada alqı-satqı etməmişdir. Sözügedən yaşayış evində qaldığı müddətdə mütəmadı olaraq təmir-bərpa işləri aparmaqla yanaşı 1000 manat dəyərində hamama, 1200 manat çardağa, 1000 manat tövləyə, 500 manat mətbəxə və 300 manat xərc pilləkənə çəkmişdir. Bundan sonra 2020-ci ilin əvvəlində cavabdeh guya mübahisəli evi bacısına satmış və sonunçu Göygöl rayon Məhkəməsinin qətnaməsinə əsasən onları evdən çıxartmışdır. O, da məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı aşağıda göstərilən sənədlərə istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Göygöl rayon, İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 07.09.202-ci il tarixli 385 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ailə üzvləri ilə birlikdə Göygöl rayonu, Çaykənd kəndində müvəqqəti məskunlaşmışlar; xx.xx.2006-cı il tarixli aktın surətindən məlum olur ki, 2006-cı ilin avqust ayında Cavabdeh1 özünə məxsus evi 1300 ABŞ dolları qarşılığında İddiaçı satmış və evə aid bütün sənədləri ona vermişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 izahatında göstərdi ki, Nizamiyə həmin ev Tofiq tərəfindən ona görə verilmişdir ki, ev baxımsız qalmasın. Daha sonra Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı 300 ABŞ dolları pulu əkin haqqı, 1000 ABŞ dolları məbləğində pulu isə kirayə haqqı kimi ona vermişdir.Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş sübtları digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsası olduğundan qismən təmin olunmalıdır. Belə ki,iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlərdən çəkdiyi xərclərə görə 5000 manatın, evin alqı-satqısına görə isə 1200 ABŞ dolları məbləğində pulu tələb edir. Məhkəmə iddia tələbinin çəkilmiş xərclərlə bağlı hissəsinə münasibətdə onu qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehlərə məxsus Göygöl rayonunun Çaykən kəndində yerləşən evdə 1996-cı ildən yaşayaraq özünün və ailə üzvlərinin normal yaşayışlarının təmin edilməsi üçün xərclər çəkmişlər ki, həmin evə hər hansı xərclərin çəkilməsi ilə bağlı cavabdehlər tərəfindən iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Buna baxmayaraq iddiaçı heç bir hüquqi əsas olmadan həmin evə çəkdiyi xərcləri cavabdehlərdən tələb etməkdə haqlı deyildir. İddiaçı belə bir tapşırığın verilməsinə dair sübutları da məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehlər tərəfindən evin onlara satılmasına dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırılması zamanı tərəflər arasında belə bir öhdəliyin yaranması halları aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında evin Nizamiyə kirayəyə verilməsini, Nizaminin 1996-cı ildəndir həmin evdə kirayədə qalmasını göstərsə də o da etirazının dəlili kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Belə ki, o iddiaçının mübahisəli evdə kirayə qalmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Raisa Nəbiyevə əvvəlcə izahatında ev baxımsız qalmasın deyə Nizamiyə həmin evin verildiyini qeyd etsə də, daha sonrakı izahatında Nizamiyə evin kirayəyə verilməsini bildirmişdir.Məhkəmə bununla bağlı onu qeyd edir ki, göründüyü kimi hər bir halda cavabdeh bununla bağlı sübutlarını təqdim edə bilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki,Xanlar rayonu Çayarx kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, mübahisəli ev Cavabdeh1 məxsus olmuşdur. Tərəflər arasında hər hansı müqavilə hüquq münasibətləri yaranmamış və cavabdehin isə iddiaçıdan aldığı 1300 ABŞ dolları məbləğində haqq müqavilə əsasına söykənməmişdir.Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər 1300 ABŞ dolları məbləğində pulu heç bir hüquqi əsas olmadan əsassız olaraq özlərində saxlamışlar. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM-in 1091-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300 ABŞ dolları məbləğində pul qətnamənin icra edildiyi ana mövcud olan Azərbaycan manatına məzənnə ilə hesablanmaqla alınaraq İddiaçı verilərək iddia qismən təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300 ABŞ dolları məbləğində pul qətnamənin icra edildiyi ana mövcud olan Azərbaycan manatına məzənnə ilə hesablanmaqla alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar