Məhkəmə qərarları › İş №2(044)-511/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-511/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-511/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağın müalicəsi üçün əlavə xərcin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi və azyaşlı Xəzailin müalicəsi üçün hər ay 200 manat müalicə xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra tez-tez aralarında olan mübahisələr ayrılmaqlarına səbəb olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, nikahın pozulması, uşaqların onun himayəsində saxlanması və cavabdehdən xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar günü gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri də artır. Hazırki şəraitdə 240 manat pulla uşaqlara nəinki bir ay, hətta 10 gün də baxmaq mümkün deyildir. Hazırda maddi cəhətdən imkanı çox aşağıdır, başqa yerdən gəliri və ya qazancı yoxdur. Həmçinin böyük oğlu yetkinlik yaşına çatdığından cavabdeh yalnız 2 uşağa görə 160 manat aliment ödəyir. O, uşaqları ilə birgə valideynlərinin yanında yaşayır. Cavabdehin maddi vəziyyəti yaxşıdır, 36 saylı məktəbdə hərbi müəllimdir, onun aylıq əmək haqqı 500- 600 manat təşkil edir, bundan başqa cavabdehin əlavə gəlirləri də olur. Onların övladı Xəzail doğulandan uşaq autizimi, Kanner sindromu xəstəliyindən əziyyət çəkir. Xəzailin müalicəsi üçün hər ay 200 manat məbləğində pulu çıxır. O, Xəzailə qulluq etdiyi üçün heç yerdə işləyə bilmir. Lakin bütün bunlara baxmayaraq cavabdeh alimentdən əlavə uşaqların saxlanılması üçün hər hansı bir köməklik etmir. Ona görə də o məcbur olub alimentin artırılmasına dair iddia ilə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 36 saylı məktəbdə hərbi çağırışa hazırlıq müəllimi işləyir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində səfərbərlik üzrə hərbi xidmətdən yeni qayıtmışdır. Onun öz xəstəliyini müalicə etdirməyə imkanı yoxdur. Alimentin məbləği artırılarsa, o, alimenti ödəyə bilməyəcəkdir. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahadan xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)- 6844/2017 saylı qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında X13 tərəfindən xx.xx.2001-ci il tarixli 274 saylı qeyd ilə rəsmləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. - Nikahın pozulması haaqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxx 2018-ci il tarixdə ləğv olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, N658/10 saylı arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2010-cu ildən hal-hazıradək X14 Dispanserində autizm, kanner sindromu, ağır dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136.6 manat məbləğində, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki, əqli və sosial cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərinin mövcudluğunu alimentin tutulduğu vaxtdan bu günə qədər uşaqlar üçün yaşayış minumumunun 38.4 manat artıdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı uşağın müalicə xərclərinin qarşılanması üçün 200 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin 200 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, X1 onun müalicəsi ilə bağlı Cavabdeh tutulacaq əlavə xərclərin məbləği 50 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment və X2 müalicəsi üçün sağalanadək hər ay 50 manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. xx.xx.2005-ci il təvəllüdlü X6 oğlunun müalicəsi üçün, sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar