Məhkəmə qərarları › İş №2(044)-521/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-521/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-521/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq cavabdehlərdən 34500 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 əkiz qardaşdırlar. Ailələrinin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 38 B, 2 saylı mənzilləri olmuşdur. X1 02.09.2012-ci il tarixdə ölümündən sonra həmin mənzil vərəsəlik qaydasında İddiaçı2 adına keçirilmiş və 08.10.2012-ci il tarixli çıxarış verilmişdir. Onlar iki qardaş daimi olaraq həmin mənzildə yaşamışlar. Anaları sağlığında həmin mənzili satıb behini almışdır. Evi alan şəxsin onlara 34500 ABŞ dolları borcu qalmışdır. Analarının ölümündən sonra onların evlərini alan şəxs həmin pulu gətirib verəndə həmin pulu xalaları Cavabdeh1 və onun oğlu Cavabdeh2 götürüb özlərində saxlayaraq, bildirmişdirlər ki, yaşadıqları F.Bayramov küçəsi, 42 nömrəli ünvana yaxın bir yerdə onlara həyət evi alacaqlar. Uzun müddət cavabdehlərin vədlərinə əməl etmələrini gözləmişlər. Lakin cavabdehlər onlara ev almamışlar, həmçinin onların pulunu, yəni 34500 ABŞ dollarını qaytarmamışlar. Onlar Cavabdeh1 və Cavabdeh2 hərəkətləri ilə bağlı Polis İdarəsinə şikayət etmişlər. Lakin Polis İdarəsində qeyd edilən mübahisənin mülki xarakterli olduğundan mülki icraat qaydasında mühkəməyə müraciət edilməsi onlara bildirilmişdir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 34500 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı1 iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda cavabdehlərin artıq bir neçə dəfədir ki, məhkəmə iclaslarına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmasını və iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. İddiaçıların nümayəndəsi işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, bu barədə ərizəni məhkəməyə təqdim etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının və nümayəndənin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: -Şikayət ərizələrindən görünür ki, iddiaçılar tərəfindən cavabdehlərin hərəkətləri barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ərizə ünvanlanmışdır. - 04.10.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 xalası Sevda Əliyevaya 34500 ABŞ dolları pulu verməsi və sonuncunun həmin pulu qaytarmaması barədə müraciəti araşdırılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı1 ərizəsi əsasında Gəncə şəhər Nizami rayon Polis İdarəsində toplanmış materialın sənədləri məhkəmə iclasında araşdırılmış və həmin sənədlərə istinad edilir: Gəncə şəhər Nizami rayon Polis İdarəsində qeyd edilən müraciətlə bağlı araşdırma zamanı iş materiallarına əlavə edilmiş Cavabdeh1 izahatından görünür ki, İddiaçı1 pulu Cavabdeh2 aldığını və həmin pulun əvəzində ev alacağını etiraf etmişdir. Həmin müraciətlə bağlı iş materiallarına əlavə edilmiş Cavabdeh2 izahatından görünür ki, İddiaçı1 həmin pulu borclu olduğunu, həmin pulun müqabilində ev alacağını etiraf etmiş, daha sonra həmin pulu qısa zamanda qaytaracağını bildirmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin 04.09.2020-ci il tarixli, HK-1/1456 nömrəli qərarından görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2013-cü ildə İddiaçı1 34500 ABŞ dolları pulu xalası Cavabdeh1 və xalası oğlu Cavabdeh2 vermiş, sonuncular həmin pulu istifadə etdikdən sonra həmin pulun qarşılığında İddiaçı1 mənzil alacaqlarını öhdələrinə götürmüş, lakin götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də həmin qərarla materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə də, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlər heç bir əsas olmadan iddiaçılardan pul alaraq iddiaçıların hesabına əsassız varlanmışlar. Belə olan halda cavabdehlər əldə etdiklərini iddiaçıların tələbi ilə ona qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34500 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34500 (otuz dörd min beş yüz) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdehlər qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar