Məhkəmə qərarları › İş №2(044)-528/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-528/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-528/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.06.2011-ci il tarixli, 19 saylı kredit müqaviləsi üzrə 94473,98 manat əsas, 39064,68 manat faiz, 265,98 manat cərimə olmaqla cəmi 133804,64 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.06.2011-ci ildə bank ilə Cavabdeh arasında bağlanmış 19 saylı kredit müqaviləsinə görə 114600 manat məbləğində vəsait illik 9 faiz olmaqla 180 ay müddətinə kreditə verilmişdir. Qeyd olunan kredit müqaviləsinə görə cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli idi. Bank müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 05.08.2019-ci il tarixə Cavabdeh kredit müqaviləsi üzrə 94473,98 manat əsas, 39064,68 manat faiz, 265,98 manat cərimə olmaqla cəmi 133804,64 manat məbləğində borcu vardır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətin də qalmışlar. Məhkəmə iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi onlarda mövcud deyildir. Lakin buna baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi barədə kassa məxaric orderi vardır. Kassa məxaric orderinin surəti mövcuddur, əsli isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilmişdir. Həmin orderin də əsli hazırda onlarda olmasa da surəti iddia ərizəsiə əlavə edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, bankla onun arasında kredit müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə hansı kredit müqaviləsi üzrə ondan pul tələb edirlər, ona məlum deyildir. Onun əmək haqqı ilə verilən kreditin məbləği müqayisə edilsə görünər ki, tələb olunan məbləğdə kreditin ona verilməsi absurddur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və nümayəndəsi olduğu şəxsin izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: 29.06.2011-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 127400 manat pul ödənilmişdir. Təyinat kimi isə ipotekanın dəyərinin ödənilməsi qeyd olunmuşdur. 07.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 94473,98 manat əsas, 39064,68 manat faiz, 265,98 manat cərimə olmaqla cəmi 133804,64 manat məbləğində borcu vardır. Arayışda da kreditin məbləği 114600 manat göstərilmişdir. Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 26.08.2021-ci il tarixli məktubdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən təhvil-təslim aparılan zaman İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29.06.2021-ci il tarixli kredit müqaviləsi aşkar edilməmişdir. Kassa məxaric orderinin surəti mövcuddur, əsli isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin kökündə tələb etmənin əsası kimi 29.06.2011-ci il tarixli, 19 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir:  Öhdəliyin tərəfləri;  Öhdəliyin məzmunu;  Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, iddiaçı tərəfindən yalnız kassa məxaric orderinin surəti əlavə edilmişdir. Tələbin əsası kimi istinad edilən kredit müqaviləsi isə ərizəyə əlavə edilməmişdir. Məhkəmə tərəfindən kredit müqavilənin əslinin əldə edilməsi üçün müvafiq olaraq sorğu verilmiş və cavab məktubundan bildirilmişdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29.06.2021-ci il tarixli kredit müqaviləsi aşkar edilməmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi olmadığı üçün cavabdehin hər hansı müqavilə üzrə yaranmış öhdəlikləri icra etməməsindən söhbət gedə bilməz. Yəni cavabdehin kreditor qarşısında öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Kassa məxaric orderinin surəti ilə bağlı məhkəmə göstərir ki, həmin sənəd sübut kimi qəbul edilə bilməz və iddianın təmin olunması üçün əsas deyildir. Həmin qəbzə nəzər salınan zaman müəyyən edilir ki, Cavabdeh 127400 manat məbləğdə pul vəsaitinin verilməsi qeyd olunmuşdur. Hansı ki, iddia tələbində qeyd olunan və mövcud olmayan kredit müqaviləsində cavabdehə 114600 manat məbləğdə kreditin verilməsi göstərilmişdir. Bu zaman aydın olmur ki, kredit müqaviləsində 114600 manat pul verilməsi nəzərdə tutulsa da, nə üçün bank borcluya 127400 manat (müqavilədə göstəriləndən 12800 manat artıq) kredit vermişdir. Bundan başqa kassa məxaric orderində pulun verilməsinin təyinatının ipoteka dəyərinin ödənilməsi qeyd olunsa da həmin ipoteka müqaviləsi, ipoteka predmeti olan əmlak barədə bank tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi təqdim olunan kassa məxaric orderi ilə iddia ərizəsində adı çəkilən kredit müqaviləsi (mövcud deyildir) ziddiyyət təşkil edir. Məhz bu amillər məhkəməyə həmin kassa məxaric orderinə sübut kimi tənqidi yanaşmağa imkan verir. Nəzərə alımaq lazımdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri) Məhkəmə göstərir ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Göstərilənlər ilə yanaşı məhkəmə bir məqamı da göstərir ki, tələb olunan məbləğdə kreditin hazırki iş üzrə cavabdehə verilməsi özü-özlüyündə inandırıcı deyildir. Belə ki, mövcud olmayan kredit müqaviləsinin bağlanma tarixi zamanı qüvvədə olan Azərbaycan Respublikası Milli X7 tərəfindən 18.11.2008-ci il tarixdə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi Qaydaları”nın kreditin verilməsi meyarlarından bəhs edən 3.1.1 və 3.1.2-ci bəndlərində göstərilmişdir ki, bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. Meyarlara kreditin məqsədi və ödənişlərin mənbəyi və borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi də daxildir. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir ki, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır. Qeyd olunan Qaydaların 4.17-ci bəndində göstərilmişdir ki, kreditlər təminatla və ya təminatsız (blank) şərtlərlə verilə bilər. Təminatsız kreditlərin verilməsi üzrə bank tərəfindən ayrıca meyarlar müəyyən edilməlidir. Təminatsız kreditlər yalnız krediti qaytarma qabiliyyəti və nüfuzu yüksək səviyyədə olan borcalana onun gəlirliyinin adekvat olması müəyyən edildikdə verilməlidir. Təminatsız kreditlər verdikdə bank borcalanın daha uzunmüddətli maliyyə hesabatlarını (fiziki şəxslər üçün əmək haqqı və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlirlər barədə arayış) və kredit tarixini əldə etməlidir. Maliyyə hesabatları (arayışlar) sifarişin təqdim edilməsi tarixindən fiziki şəxslər üçün ən azı əvvəlki altı aylıq dövrü, hüquqi şəxslər üçün isə iki illik dövrü əhatə etməlidir. Bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmalıdır. Borcalan hüquqi şəxs olduqda ondan başa çatmış maliyyə ili üzrə auditdən keçmiş hesabatların, vergi orqanlarına verilən hesabatların, pul vəsaitinin hərəkəti barədə hesabatın və digər hesabatların təqdim edilməsi nəzərdə tutulmalıdır. Fiziki şəxslər üçün maliyyə hesabatları qismində əmək haqqı və/və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalıdır. Qanunvericilikdə hüquqi şəxslərin hesabatlarının X1 Standartlarına uyğun təqdim olunması nəzərdə tutulduqda, bu hesabatların təqdim edilməsi bank tərəfindən şərt kimi müəyyən olunmalıdır. (“Banklarda kreditlərin verilməsi Qaydaları”n 4.1.8-ci bəndi) Məhkəmə göstərir ki, nə qədər ki iddiaçı tərəfindən kredit müqaviləsinin əsli və ya təsdiq edilmiş surəti təqdim oluna bilmir, kifayət qədər böyük məbləğdə olan kredit vəsaitinin borclunun qaytarma riski müəyyən edilmədən verilir, bu zaman isə hər hansı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi kreditor ilə borcalan arasında hər hansı əlavə öhdəlik barədə müqavilə bağlanılmır, bütün bunlar həqiqətən də tərəflərin arasında kredit müqaviləsinin bağlanılmaması barədə inamlı nəticəyə gəlməyə əsas verir. Hər bir halda bankın kredit verməkdə məqsədinin gəlir əldə edilməsi prinsipindən hazırki mübahisəyə yanaşılsa görünər ki, bank özü maddi maraqlarını bu kredit verilən zaman nəzərə almamışdır. Bu isə ağlabatan deyildir. Çünki “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Məhkəmə yekun olaraq göstərir ki, iddia tələbinin mərkəz hüquq norması olan Mülki Məcəllənin 739.1-ci maddəsinin tətbiq edilməsi hazırki mübahisəyə düzgün deyildir. Həmin normada qeyd olunmuşdur ki, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi kreditor borc münasibətləri üzrə borcalana pul vermədiyindən, onlar arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün müqavilə bağlanmadığından və bu əsaslara görə cavabdehin kreditor qarşısında hər hansı öhdəliyi yarnamadığından iddia tələbi əsassızdır. İddiaçı tərəf iddiasının əsas kimi yetərli sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar