Məhkəmə qərarları › İş №2(044)-548/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-548/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-548/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 3000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2006-cı il tarixdən yaşadığı kənddə özünə məxsus fermer təsərrüfatı vardır. Həmin 110 ha torpaq sahəsinin bir hissəsini kənd Bələdiyyəsindən, bir hisəssini də kənd sakinlərinin pay torpaqlarını icarəyə götürərək istifadə edir. İstifadəsində xeyli baş qoyun-quzu olduğundan, bu səbəbdən çobana ehtiyacı vardı. Ətraf adlı şəxsin Cavabdeh Yardımlı rayonunda yerləşən ferma təsərrüfatına 1200 manat məbləğində pul borcu olduğunu, onun borcunu ödəyəcəyi təqdirdə cavabdehin onunla işləyə biləcəyini bildirmişdir. Bununla bağlı o, Cavabdeh da zəng edərək iş şərtini bildirmiş, Saleh də onun şərtlərini qəbul etmişdir. xx.xx.2020-ci il tarixində Ətrafla birlikdə onun fermasına gəlmiş, o, Ətrafa ona çoban tapdığı üçün əlavə olaraq 200 manat pul vermişdir. Cavabdeh fermada işlədiyi müddətdə hər ayın əvvəli Cavabdeh 700 manat əmək haqqı vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh may ayınında əmək haqqısı vermişdir. xx.xx.2020-ci il tarixdə fermada çoban kimi işləyən İlham adlı şəxs ona zəng edərək Salehin fermada olmadığını demişdir. Bundan sonra o fermaya getmiş, Cavabdeh fermadan getdiyini görmüş, heyvanları sahibsiz buraxmış, heyvanları sayarkən 3 baş qoyun, 4 baş da quzu heyvanının əskik olduğunu müəyyən etmişdir. 3 baş Qarabağ cinsindən olan qoyun, yaxın müddətdə doğma ehtimalı olan qoyunlar idi. Həmin qoyunlar cüt bala doğduğundan bu barədə çobanda məlumatlı olduğundan və həmin ana qoyunun ümumi bazar qiyməti ən aşağı 300 manat edir. Digər tərəfdən 4 baş 7-8 aylıq quzuları, hər birinin 18-20 kq çəkini nəzərə alaraq həmin quzuların hər birinin qiyməti 250 manat olduğundan, orta hesabla 800-1000 manat edir. Həmin qoyun-quzu gizli şəkildə aparılmış və oğurlanmışdır. Bu barədə o istintaq orqanlarına məlumat vermişdir. Bundan əlavə 1200 manat da pulu alınmışdır. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. 2100 manat məbləğində pula və 7 baş xırda buynuzlu heyvanlara dair tələbinin mülki xarakterli olması və bununla bağlı məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın məzmunundan göründüyü kimi Yevlax Rayon Polis Şöbəsində İstintaq bölməsində araşdırlma aparlarkən cavabdeh izahatında Cavabdehlə aralarında borc münasibətlərinin olmasını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında borcla bağlı öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Cinmayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Cavabdeh İddiaçı ümumilikdə 2100 manat məbləğində pul borcunun olmasını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2100 manat borca aid hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 900 manat pulla bağlı isə onu qeyd edir ki, həmin məbləğ iddiaçıya aid olan qoyunların dəyərini təşkil edir. Həmin hissədə də cavabdeh izahatında göstərmişdir ki, özü və az yaşlı oğlu qoyunları otaran zaman onların itməsini təxmin edir. Lakin, həmin 7 baş xırda buynuzlu heyvanlara görə iddiaçıya borclu olduğu pulla birlikdə 3000(üç min)manatı ayda 250 manat olmaqla ödəməyə razı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehə tapşırılmış qoyunların iddiaçının razılığı olmadan özünün xeyrinə sərf edilməısi nəticəsində iddiaçıya maddi ziyan dəymiçşdir. Cavabdeh polis idarəsində həmin qoyunların oğurlanması barədə izahat versə də, o həmin qoyunların özünün təqsiri olmadan əldən çıxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi hər iki hissədə əsaslı olduğundan təmin edilməli, 3000(üç min)manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar