Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-564/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbəğində alimentin, həmçinin mediasiya xərci kimi ödədiyi 50 manatın X3 tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2011-ci il tarixli 2(044)-1451/2011-ci il saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 21.11.2002-ci il təvəllüdlü X4 və 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.06.2008-ci il tarixli 2-627/08 saylı qətnaməsi əsasında bir uşağa görə hər ay 30 (otuz) manat olmaqla ümumlikdə 60 (altmış) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılmış və 30.09.2011-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa görə 40 (qırx) manat, iki uşağa görə isə ümumilikdə 80 (səksən) manat miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda 21.11.2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatmışdır. 15.10.2004-cü il təvllüdlü X7 isə hələ yetkinlik yaşına çatmamışdır. Uşağın saxlanması üçün 40 manat aliment kifayət etmir. Belə ki, o, məktəblidir, abituriyentdir, məşğələlərə gedir, ona görə də alimentin artırılmasına zərurət vardır. Bu səbəbdən iddia ərizəsinin təmin edilərək, 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbəğində alimentin, eləcə də mediasiya xərci kimi ödədiyi 50 manatın X3 tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı qismən qəbul etdiyini, hal-hazırda işləmədiyini, birinci Qarabağ müharibəsində iştirak etməklə İİ qrup müharibə əlili olduğunu, İİ qrup Qarabağ əlili kimi 266 manat təqaüd aldığını, bundan əlavə hazırda evli olmaqla himayəsində 3 uşağın olduğunu, bu səbəbdən hazırda iddiaçının tələb etdiyi 193 manat məbləğində aliment ödəməyə imkanının olmadığını bildirdi. Ancaq qeyd etdi ki, 100 manat məbləğində aliment ödəyə bilər. Ona görə də iddia tələbinin qismən təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 2-36/2007 saylı, 31 yanvar 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 04 dekabr 2002-ci il tarixdə Xanlar rayon VVADQ şöbəsi tərəfindən 100 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanma haqqında şəhadətnamə verilərkən iddiaçı T.Quliyevdən YAM 11 manat dövlət rüsumunun alınması, cavabdeh R.Quliyevanın bu xərcdən azad edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1451/11 saylı, 30.09.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 21 noyabr 2002-ci il tarixdə anadan olmuş X4 və 15 oktyabr 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh atası Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2008-ci il tarixli 2-627/08 saylı qətnaməsi əsasında bir uşağa görə hər ay 30 (otuz) manat, iki uşağa görə ümumlikdə 60 (altmış) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılmış və 30 sentyabr 2011-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa görə 40 (qırx) manat, iki uşağa görə isə ümumilikdə 80 (səksən) manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2008-ci il tarixli 2-627/08 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.01.2011-ci il tarixli AZ-İ 636905 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 07 yanvar 2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.01.2011-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqda sonra ərə Quluyev, arvada Quluyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikahdan 22 oktyabr 2011-ci il tarixdə X10, 17 mart 2013-cü il tarixdə X9, 03 iyul 2014-cü il tarixdə X11 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X13” İctimai Birliyi tərəfindən verilmiş 07.05.2020-ci il tarixli 0908 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh İİ qrup müharibə əlilidir. Vəsiqənin etibarlılıq müddəti 07.05.2025-ci il tarixinədəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş 15.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İİ qrup Qarabağ əlili kimi ömürlük 266.0 manat əmək pensiyası təyin olunmuşdur və qanuna müvafiq ödəniş aparılır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 6148/12 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1451/11 saylı 30.09.2011-ci il tarixli icra sənədinə əsasən 21.11.2002-ci il tarixdə anadan olmuş X4 və 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 40 manat, cəmi 80 manat aliment alınaraq tələbkar İddiaçı xeyrinə ödənilməli, borclu Cavabdeh pensiyasının 80 manat hissəsi aliment kimi tələbkar İddiaçı xeyrinə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn işləmədikdə və ya valideynin maddi imkanı olmadıqda onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Əksinə, valideynin qazancı və ya sair gəliri olmadığı halda ondan alimentin sabit pul məbləğində tutulması barədə qanunvericilikdə göstəriş qeyd olunub. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat müəyyən olunmasını, eləcə də cavabdehin İİ qrup Qarabağ əlili olmasını, hazırda evli və himayəsində 3 uşağın olmasını əsas tutaraq iddia tələbinin qismən təmin olunmasını və alimentin artılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1451/11 saylı 30.09.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasında iştirak etmək üçün 50 manat pul ödənilmiş və cavabdeh üzrsüz səbəbdən mediasiya sesiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilən xərc məhkəmə xərcinə aid edilməli, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 1000 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1451/11 saylı 30.09.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 15.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 30.80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-564/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-564/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver