Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-59/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 979.7 manat, 129.56 manat faiz borcu, 2287.25 manat cərimə, cəmi 3396.51 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.4167 faiz olmaqla 12 ay müddətinə plastik kart vasitəsilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 götürdüyü kreditdən 20.3 manat qaytarmış, onun 979.7 manat kredit borcu və 129.56 manat faiz borcu qalmışdır. Ona hesablanmış cərimə 2287.25 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 979.7 manat, 129.56 manat faiz borcu, 2287.25 manat cərimə, cəmi 3396.51 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən 1000 manat kredit götürmüşdür. O, sonradan imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarına əlavə edilmiş “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.4167 faiz olmaqla 12 ay müddətinə plastik kart vasitəsilə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 06S000007517 və 06S000014504 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər bank qarşısında müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etmələri üçün birgə məsuliyyət daşıyırlar. İş materiallrına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013cü il tarixli kredit müqaviləsinə əsasən borcu əsas məbləğ üzrə 979.7 manat, faiz üzrə 129.56 manat, cərimə borcu 2287.25 manat, cəmi 3396.51 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 979.7 manat, 129.56 manat faiz borcu, 20 manat cərimə, cəmi 1129.26 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul “xxxx” QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 979.7 manat, faiz borcu üzrə 129.56 manat, cərimə 20 manat, cəmi 1129.26 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-59/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-59/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver