Məhkəmə qərarları › İş №2(044)-598/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-598/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-598/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayədəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək X10 İdarəsi tərəfindən ona yazılmış 432 manat məbləğində cərimə borcunun silinməsinə, həmçinin ödədiyi 20 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirdi ki, o, Gəncə şəhəri, X9 küçəsi ev 6 ünvanında yaşayır. O, evində quraşdırılmış qazın sayğacına hər ay qaz pulu yükləmiş və təbii qazdan istifadə etmiş, onun qazla bağlı heç bir problemi olmamışdır. Belə ki, X10 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixində onun mənzilində quraşdırılmış smart kart qaz sayğacının elementi bitdiyinə görə № ******* saylı akt tərtib edilərək sayğac yenisi ilə əvəz edilmişdir. Bundan sonra 2019-cu ilin mart ayında X10 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli № ******* saylı ona akt yazılaraq cərimə edilmişdir. Qaz sayğacı 2019-cu ilin mart ayında sökülmüş, lakin qaz idarəsinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib etdikləri aktı 2019-cu il mart ayının 29-na akt tərtib etmişlər. O, qaz idarəsinin işçilərinin yazdığı bu akt qanunsiz hesab edir. Daha sonra ona belə bir ARDNŞ-in digər bir aktını veriblər, aktda isə qeyd edilmişdir ki, ARDNŞ-nin Cavabdeh1 İBnin xx xxxxxx 2019-u il tarixli AKT-№ MSK 29/1710-00757-5 saylı rəyinə əsasən sayğacın plastmas borusu deşilib, sayğacın elementi bitib. Buna görə də ona 4320 kub, yəni 432 manat cərimə hesablanmışdır. Buna qədər onun yazılan cərimə barədə məlumatı olmamışdır. O, haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Çünki sayğac dəyişdiriləndən təxminən 3 ay sonra ona akt yazılaraq cərimə olunduğu bilinmişdir. Onun özü tərəfindən qəbul etmədiyi və qanunsuz hesab etdiyi 432 manat cərimənin nəyə əsasən hesablanmış, İstehlakçıya satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Süleymanov tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsəsən qrafik tərtib etmişdir. Həmin qrafikdə qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixli 11 № qərara əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 5mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq qaz sərfi 4.0m3/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 günə vurularaq, yəni 3 ay cərimə hesablanmışdır. O, həmin şöbənin rəisinin qəbulunda olmuş və ona bildirilmişdir ki, o sayğaca müdaxilə etməmişdir və ona qanunsuz olaraq 432 manat yazılmış cəriməni nəyə əsasən yazılması barədə bir sənəd təqdim etmələrini tələb etmiş, Elçin Süleymanov ona bildirmişdir ki, onların şöbəsi tərəfindən 3 aylıq hesabat aparılmışdır. Onun mənzilinə quraşdırılmış qaz sayğacı smart kartdır və həmin yüklədiyi məbləğin 50 faizini qaz idarəsi məcburi tutur. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını və ödədiyi rüsumun özünə aid edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mənzilində quraşdırılmış smart kart qaz sayğacının elementi bitdiyinə görə № ******* saylı akt tərtib edilərək sayğac yenisi ilə əvəz edilmişdir. Sayğac labarotoriyada yoxlanıldıqdan sonra sayğacın plastmas hissəsində deşik müəyyən olunmuşdur. Buna görə də əməkdaşlar tərəfindən akt tərtib olunmuş və cərimə hesablanmışdır. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mühəndis X3 bildirmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış sayğaçın elementi bitdiyinə görə yenisi ilə əvəz edən zaman çıxarılan sayğacda gözlə görünən heç bir zədə olmamışdır. Həmin vaxt xx.xx.2019-cu il tarixli aktı o, tərtib etmiş, lakin qeyd hissəsində heç nə yazmamış, ola bilsin ki, labaratoriyadan verilmiş rəydən sonra sayğacın menbranında deşik aşkar olunması həmin hissədə başqa şəxs tərəfindən qeyd edilmişdir. Aktda qeyd edilən digər şəxslər Şamil Əzizov və Vüqar Abdullayev akt tərtib edilərkən iştirak etməmişlər, sonuncular idarədə aktı imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş çilingərlər X1 və X6 şahid X3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan: - Gəncə şəhəri, X9 ev 6 abonentinin saldosunun surətindən görünür ki, İddiaçı 2019-cu ilin yanvar ayından mart ayına qədər 432 manat borcu yaranmışdır. - xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, M.F.Axundov küçəsi ev 6 ünvanında istehlakçı İddiaçı evində qaz sayğacının (ASTARİS tipli, G4 markalı, 09AZ**********1 nömrəli) elementi bitdiyi üçün yeni sayğacla (İTRON STS tipli G4 markalı **********9 nömrəli) əvəz edilmişdir. - xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, cavabdehin nümayəndələri Nəsimi Məmmədovun, Rəşad Məmmədovun, Nübar Əsgərovanın iştirakı ilə istehlakçı özünü təqdim etməmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə, saat 12:30-da təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və cavabdehin QSN- 29/1710-00757-5 saylı aktına əsasən sayğacın çıxış plastmas borusu deşilib, sayğacın elementi bitməsi aşkar olunmuşdur. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bəndində əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” xx xxxxxx 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Göründüyü kimi iş materiallarında olan sübutlardan aydın olur ki, xx.xx.2019-cu il tarixdə Paylayıcı tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən ünvan 2 ünvanında istehlakçı İddiaçı evində quraşdırılmış sayğacın elementi bitdiyi üçün çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Cavabdeh1” İB xx.xx.2019-cu il tarixli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Çünki aktı tərtib etmiş Fizuli Məmmədov aktı tərtib edərkən çıxarılan sayğacın üzərində gözlə görünən zədə və ya müdaxilə olmadığı üçün qeyd hissədə heç nə yazmadığını, lakin sonradan həmin aktın qeyd hissəsində sayğacın menbranında deşik aşkar olunmasının başqa şəxs tərəfindən yazıldığını bildirmişdir. Həmçinin iddiaçının mənzilindən çıxarılmış qaz sayğacına laboratoriyada baxış keçirilərkən iddiaçıya bu barədə məlumat verilməmişdir. Sonradan iddiaçının iştirakı olmadan tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda göstərilən qüsur - sayğacın çıxış plastmas borusunda deşik olması cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Cavabdeh1” İB borcu, sayğacın çıxış plastmas borusunda deşik olmasını və mənzilə daxil olan xəttin diametrini nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki qanunvericilikdə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Cavabdeh1” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız 432 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Cavabdeh1” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh1” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar