Məhkəmə qərarları › İş №2(044)-60/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-60/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-60/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8503.48 manat əsas borcun, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 1031.16 manat cərimə, cəmi 13646.71 manat borcun və 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2014-cü il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 26%-lə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı 7747.40 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilib 11233.73 manat olmuş, restruktruzasiya edilmiş kredit üzrə faiz və cərimə borcları ayrıca hesabda dondurulub və kreditin müddəti xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 8503.48 manat əsas, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 1031.16 manat cərimə, ümumilikdə 13646.71 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişlər.Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Cavabdeh1 ilə birlikdə xx.xx.2017-ci il tarixdə Dəmirbank ASC-dən 20 faizlə 36 ay müddətinə 9164.19 manat məbləğində kredit götürmüşlər, həmin kredit üzrə onunla bank arasında xx.xx.2017ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. LPO İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. LPO İddiaçı ASC 2019-cu il tarixində borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, göründüyü kimi bank məhkəməyə zaminlik müqaviləsinin müddətinin bitdiyi tarixindən sonra müraciət etmişdir.Odur ki, LPO İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Ləğv prosesində olan DəmirBank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 26%-lə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. - xx.xx.2014-cü il tarixli, 140004178/ZM saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı kimi Ləğv prosesində olan DəmirBank ASC ilə Cavabdeh2 ilə arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - xx.xx.2019-cu il tarixli maliyyə araşından görünür ki, Cavabdeh1 8503.48 manat əsas borcun, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 1031.16 manat cərimə, cəmi 13646.71 manat təşkil edir. - Kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə DəmirBank ASC tərəfindən 10000 ABŞ dolları məbləğində pul verilmişdir. - xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərini vaxtıvaxtında icra etməmişlər və 8503.48 manat əsas borcun, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 1031.16 manat cərimə, cəmi 13646.71 manat borc ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 30 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8503.48 manat əsas borcun, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 30 manat cərimə, cəmi 12645.55 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8503.48 manat əsas borcun, xx.xx.2019-cu il tarixinə hesablanmış 4112.07 manat faiz, 30 manat cərimə, cəmi 12645 (on iki min altı yüz qırx beş) manat 55 (əlli beş) qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumunun 10 (on) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar