Məhkəmə qərarları › İş №2(044)-603/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-603/2021

16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-603/2021 16.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat pulun, ona məxsus 4000 (dörd min) manat dəyərində olan “İNPA” Sistem Makina ütü-plastik ayna qapı üçün qaynaqedici aparatın, 800 (səkkiz yüz) manat dəyərində plastik kəsən mişar aparatının və 200 (iki yüz) manat dəyərində “Hidroterm” markalı laqondanın dəyərinin, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsində yerləşən 5 saylı yaşayış binasının qərb tərəfində ticarət obyekti və avtomobil texniki təmir məntəqəsi ona məxsusdur. İddiaçıya məxsus obyektdə plastik qapı pəncərə sexi mövcuddur. Həmin sexi bütün zəruri avadanlıqlarla təchiz etmişdir. Həmin obyekti icarəyə vermək barədə elan vermişdir. 2019-cu ilin sentyabr ayında Cavabdeh qarşılıqlı razılıq əsasında həmin obyekti icarəyə götürmüşdür. Onlar bütün xərclər çıxıldıqdan sonra qazanca şərik olacaqları barədə razılığa gəlmişlər. Cavabdeh sexə gələrkən özü ilə birlikdə 1 ədəd drel və 1 ədəd mismarçıxaran gətirmişdir. O, sexi icarəyə götürdükdən sonra 2019-cu ilin dekabr ayınadək qazanc və ziyan barədə ona məlumat verməmişdir. 2019-cu ilin dekabr ayında cavabdeh özü gələrək fəaliyyət göstərdiyi 3,5 ay müddətində 3537 manat xeyirlərinin olduğunu bildirmişdir. Sonra sabah gələrək qazanclarının əslində 2500 manat olduğunu bildirmişdir. Cavabdeh həmçinin sex açılarkən ondan 800 manat məbləğində borc almışdır. Cavabdeh bugünədək iddiaçıya olan 2500 manat borcunu ödəməyibdir. Həmçinin cavabdeh ona məxsus sexdə olan avadanlıqları da yararsız hala salmışdır. Belə ki, 4000 (dörd min) manat dəyərində olan “İNPA” Sistem Makina ütü-plastik ayna qapı üçün qaynaqedici aparatın tempraturunu çox yüksək edərək yararsız hala salmışdır. Bundan başqa plastik kəsmək üçün istifadə olunan plastik kəsən mişar aparatının orginal mişarını adi mişarla dəyişdirərək yararsız hala salmışdır. Həmin avadanlığın dəyəri 800 (səkkiz yüz) manatdır. Bundan başqa sexdə olan ona məxsus “Hidroterm” markalı 200 (iki yüz) manat dəyərində laqondanı yararsız vəziyyətə salaraq xarab etmişdir. Dəfələrlə ona dəyən maddi ziyanı ödəməsini tələb etsə də, onun haqlı tələbinə məhəl qoymur. Bu barədə Kəpəz rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, iddia ərizəsində göstərilən 4000 (dörd min) manat dəyərində olan “İNPA” Sistem Makina ütü-plastik ayna qapı üçün qaynaqedici aparatın, 800 (səkkiz yüz) manat dəyərində plastik kəsən mişar aparatının və 200 (iki yüz) manat dəyərində “Hidroterm” markalı laqonda əşyalarının cavabdeh tərəfindən yararsız hala salınması ilə bağlı Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində araşdırılma aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 07 avqust 2015-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən, 5 №-li yaşayış binasının qərb tərəfindəki 500,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən ticarət obyekti və avtomobillərin texniki təmir məntəqəsinin yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli, 12220004-1221 saylı məktubdan görünür ki, X2 mütaciəti əsasında Cavabdeh barəsində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Həmin araşdırma materiallarında olan Cavabdeh Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə verdiyi izahatından görünür ki, o, 2019-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayınadək Gəncə şəhəri, T.Arani küçəsində yerləşən və Həsən adlı şəxsə məxsus olan plastik qapı-pəncərə düzəldilən sexdə usta işləmişdir. Onun Həsənlə olan razılaşmasına əsasən əldə olunan qazancı yarı böləcəklər. İşlədiyi müddət ərzində cəmi 3200 manat qazanc əldə etmişdir ki, onun da yarısını yəni 1600 manatını Həsənə verməli idi. Ancaq qapı-pəncərəni satdığı şəxslər pulunu vaxtında vermədiklərinə görə o, həmin pulu Həsənə verə bilməmişdir. Həmin materiallardan göründüyü kimi, qeyd edilən mübahisə Cavabdeh ilə Həsən adlı şəxs arasında yaranmışdır. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbində qoyulmuş cavabdeh Cavabdeh 2500 (iki min beş yüz) manat pulun, ona məxsus 4000 (dörd min) manat dəyərində olan “İNPA” Sistem Makina ütü-plastik ayna qapı üçün qaynaqedici aparatın, 800 (səkkiz yüz) manat dəyərində plastik kəsən mişar aparatının və 200 (iki yüz) manat dəyərində “Hidroterm” markalı laqondanın dəyərinin, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbi təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmişdır. Digər tərəfdən iddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdehin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əşyaların ona məxsus olmasını və həmin əşyalara cavabdeh tərəfindən zədə vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar