Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-613/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və əlavə xərclərə görə 60 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat miqdarında sabit pul məbləğində alimentin və əlavə xərclərə görə 60 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(044)-953/2012 saylı qətnaməsi ilə x xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün x xxx 2012-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment və əlavə xərclərə görə 20 manat məbləğində pul tutulması qət edilmişdir. O, özü hal-hazırda işləmir. Övladı getdikcə böyüyür, onun maddi ehtiyacları da böyüdükcə çoxalır. Həmçinin uşaq mikrosefaliya affektif resperatore qıcolma, intelektual inkişafın ləngiməsi xəstəliyindən əziyyət çəkir. Ona görə də övladının daim müalicəyə ehtiyacı vardır. Hər dəfə övladının müalicəsinə xeyli miqdarda vəsait tələb olunur. Hazırkı alimentlə Mədinənin dərmanlarını, müalicələrini vaxtlı-vaxtında etdirə bilmir, ona görə də məcbur olub alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, Cavabdeh Goranboy rayonu Polis şöbəsinin Mühafizə bölüyündə işləyir və 651 manat 75 qəpik əmək haqqı alır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı yeni ailə qurmuş və o, ailəsindən başqa uşağıda doğulmuşdur. İddiaçı və onun əri heç yerdə işləmirlər. O, verdiyi alimentlə bütün ailəyə baxırlar. İddiaçı onun uşağı ilə ünsiyyətdə olmasına maneə olur, hazırda o, uşaqla ünsiyyət üçün məhkəmədə iddia qaldırmışdır. Bundan başqa o, ikinci dəfə ailə qurmuşdur. İkinci ailəsindən də iki azyaşlı uşağı vardır. Onun əmək haqqından ayda 1/4 hissəsi iddiaçının xeyrinə ödənilir. O, hesab edir ki, bir ata kimi üzərinə düşən öhdəliyi yerinə yetirir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Ata qrafasında Cavabdeh ana qrafasınada İddiaçı qeyd olunmuşdur. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxx 2012-ci il tarixdə pozulmuşdur. - X6 Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(044)-953/2012 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün x xxx 2012-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment və əlavə xərclərə görə 20 manat pul tutulması qət edilmişdir. - Gəncə şəhəri 1 saylı Birləşmiş uşaq xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 doğulandan xəstədir. Həkim tərəfindən uşağa mikrosefoliya, intellektual və nitq inkişanın geri qalması, aşağı ətrafların yüngül parapareyi, enurey, enkoporey diaqnozu qoyulmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə aliment tutulduğu xx.xx.2012-ci il tarixdən keçən 8 il müddətində cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı uşağın müalicə xərclərinin qarşılanması üçün 60 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin 60 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini, həmçinin 20 manat əlavə xərcin tutulduğu 2012-ci ildən bu günə qədər ölkə üzrə yaşayış minumunun bir neçə dəfə artdığını, buna görə də göstərilən xidmətlərin və malların dəyərinin də qalxdığını nəzərə alaraq hesab edir ki, Mədinə Məmməzrzayeva sağalanadək onun müalicəsi ilə bağlı xərclərin məbləği 50 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X6 Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(044)-953/2012 saylı qətnaməsi əlavə xərc tutulması hissəsində dəyişdirilərək, x xxxxxx 2008-ci il təvəllüdlü X1 müalicəsi üçün sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-613/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-613/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver