Məhkəmə qərarları › İş №2(044)-644/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-644/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-644/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2 XXX oğlu və X1 və Servis Mərkəzinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qurban oğlu, Cavabdeh2 XXX oğlu və X1 və Servis Mərkəzinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş 850 manat maddi ziyanın alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X1 və Servis Mərkəzi əlavə cavabdeh kimi işə cəlb edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki o, cari ilin mart ayında şəxsi istifadəsi üçün Hyundai Tucson markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Bir qədər həmin avtomobili idarə etdikdən sonra avtomobildə nasazlıq yaranmışdır, dəqiq olaraq avtomobilin mühərrik hissəsində əlavə səslər əmələ gəlmişdir. O, avtomobilini Gəncə şəhərində yerləşən Hyundai Satış və Servis Mərkəzinə aparmışdır. Həmin mərkəzdə menecer vəzifəsində işləyən Cavabdeh1 onu qarşılamış, hansı səbəbdən onlara müraciət etməyini soruçmuşdur, cavab olaraq o avtomobilində yaranmış problemləri ona söyləmişdir. Cavabdeh1 dediklərini qeyd edərək ona həmin mərkəzdə mühərrik ustası işləyən Cavabdeh2 yaxınlaşmağını bildirdi. Usta Cavabdeh2 avtomobilin mühərrik hissəsinə baxış keçirdikdən sonra mühərriki təmir edə biləcəyini demiş, buna görə yeni ehtiyyat hissələrinin tələb olunduğunu, həmin ehtiyyat hissələrin və görüləcək işlərin qiyməti 400 manat olduğunu bildirdi. Cavabdeh2 avtomobili təmir etdikdən sonra ona təhvil verdi. Həmin gündən 2-3 gün keçdikdən sonra avtomobil yenidən əvvəlki kimi xarab olmuş və o yenidən həmin servisə, Gəncə şəhərinə qayıtmışdır. Usta Cavabdeh2 yenidən avtomobilimi təmir etdi, bunun müqabilində ondan 450 manat almışdır. Lakin buna baxmayaraq avtomobil yenidən xarab olmuş, yəni ilkin nasaz vəziyyətə qayıtdı, bunu görüb o, yenidən həmin servisə getmiş, menecer Cavabdeh1i və usta Cavabdeh2ı görüb onlardan nəyə görə yenidən avtomobilimin xarab olduğunu soruçmuşdur. Cavab olaraq onların hər ikisi bildirdi ki “sənin avtomobilivi təmir etmişik, bizlik deyil, get başqa yerdə təmir etdir”. Bunu eşidib o, verdiyim pulu geriyə tələb etmişdir ki, başqa yerdə təmir elətdirsin, lakin onlar buna gülərək pulu qaytarmayacaqlarını və “hara istəyirsən get şikayət elə” demişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş 05.10.2020-ci il tarixli Qaimə Fakturanın surətindən görünür ki, İddiaçı tərəfindən 400 manat məbləğində pul Turala ödənilmişdir; 06.10.2020-ci il tarixli Qaimə Fakturanın surətindən görünür ki, İddiaçı tərəfindən 170 manat məbləğində pul çilingər Qurbanov Qələndərə ödənilmişdir; İş materiallarında olan 12.07.2021-ci il tarixli, 9/3179-8/1035 saylı ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin mühərrikində olan nasasızlıqların və onların yaranma səbəblərini müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. İkinci sual üzrə nəzəri hesablama yolu ilə, iş materiallarında olan X1 və Servis Mərkəzinin 05.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən “Hyundai Tucson” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 470.0 manat müəyyən edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 Qurban oğlu izahatında göstərdi ki¸həqiqətən də İddiaçı avtomobilinə xidmət göstərilmişdir. Buna baxmayaraq onun avtomobilndə baş vermiş qüsurlara görə o cavabdehlik daşımır.O avtomobili saz vəziyyətdə servisdən çıxarmışdır. Odur ki, iddiannı təmin edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayında iddiaçı ilə cavabdeh X1 və Servis Mərkəzi arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı Hyundai Tucson markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Gəncə şəhərində yerləşən Hyundai Satış və Servis Mərkəzinə aparmışdır. Həmin mərkəzdə menecer vəzifəsində işləyən Cavabdeh1 onu qarşılayaraq həmin servisin Tural adlı işçisinə yönəltmiş və avtomobili təmir etdikdən sonra ona təhvil vermişdir. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, iddiaçı avtomobilin motor hissəsinin təmiri üçün servisə müraciət etmişdir. İş materiallarında olan 05.10.2020-ci il tarixli qaimədən görünür ki, usta, ixtisasca motorist olan Cavabdeh2 tərəfindən iddiaçının avtomobilinə xidmət göstərilmiş, həmin usta tərəfindən elektrik işi, katalizatorun yuyulması, yeqerin yuyulması, farsunkanın yuyulub təmizlənməsi kimi xidmətlər həyata keçirilmişdir. Həmin qaimənin qeyd hissəsindən göründüyü kimi görülən işə 1 il və ya 20.000 km zəmanət verilmişdir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir. Cavabdehlər məhkəməyə peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi bilikləri barədə məlumat verməmiş, görülən işlərin zəmanət müddəti bir il olmasına baxmayaraq, iddiaçıya məxsus avtomobilin hansı səbəblərdən təmirindən imtinasına dair sübutlarını məhkəməyə təqdim etməmişlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Həmin Qanunun 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Nəzərə alsaq ki, iddiaçıya məxsus avtomobil Hyundai markalı avtomobildir, o zaman həmin avtomobilin başqa servislərdə təmr edilməsi imkanları da qaçılmazdır. Bu da o deməkdir ki, Hyundai Satış və Servis Mərkəzi bazarda hökmran mövqe tutan istehsalçılardandır. Bu səbəbdən də həmin Mərkəz iddiaçıya dəymiş ziyanın əvəzini ödəməyə borcludur. Məhkəmə iddia tələbini Cavabdeh1 Qurban oğlu və Cavabdeh2 XXX oğluna münasibətdə əsassız hesab edir. Çünki həmin şəxslər hüquqi şəxs olan Hyundai Satış və Servis Mərkəzinin işçiləri olduğundan onların vurduğu zərərə görə də həmin mərkəz məsuliyyət daşıyır. Mülki Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1129-cu maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Qeyd edilən Məcəllənin 1131-ci maddəsinə görə malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İs materiallarında olan ekspert rəyindən müəyyən edilmişdir ki, “Hyundai Tucson” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtomobilin təmir edildiyi günə təxminən 470 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh X1 və Servis Mərkəzidən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 470 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan100 manat məbləğində pul da cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X1 və Servis Mərkəzindən 470 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar