Məhkəmə qərarları › İş №2(044)-67/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-67/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-67/2021 10.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 4981 manat əsas, 3567.33 manat faiz və 134.43 manat cərimə, cəmi 8682.76 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 12.12.2014-cü il tarixli MKT Kredit Kartı müqaviləsinə əsasən bank borcluya 49 ay müddətinə, illik 24 faiz olmaqla 5000 manat məbləğində kredit vermişdir. Cavabdeh müqaviləyə əsasən kreditin əsas borcuna hesablanmış faizləri isə kreditin verilmə tarixindən hər ay kartın buraxıldığı gündən etibarən 10 gün ərzində bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə kredit müddətində tamamən ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun banka olan borcu bir dəfəyə ödəməyə imkanı yoxdur, o, borcunu hissə-hissə ödəyəcəkdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 12 dekabr 2014-cü il tarixli VP/41814/47/29 saylı Kredit sazişi müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 31.12.2016-cı il tarixədək 5000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borc alan Cavabdeh1 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən zamin Cavabdeh2 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - məxaric orderindən görünür ki, borclu Cavabdeh1 bir ədəd “MCPosCusCard” kartı verilmişdir. - 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 12.12.2014-cü il tarixli VP/41814/47/29 saylı müqaviləsinə əsasən Bank of Baku ASC-yə 03.03.2021-ci il tarixə 4271.75 manat əsas borcu, 5719.92 manat faiz borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 kredit sazişi üzrə öhdəliyini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçı ondan borcun tutulmasını tələb etməkdə haqlıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən iddiaçı ondan da borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki iş üzrə borcun məbləğinin müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(044)-67/2021 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 12.11.2021-ci il tarixli, 9/7763№-li rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli VP/41814/47/29 Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 12.12.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 4971,86 manat, faiz borcu üzrə 3185,30 manat təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı-si ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli VP/41814/47/29 Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 maliyyə arayışı müddətinə, yəni 03.03.2021-ci il tarixinədək banka olan borcu əsas borc üzrə 4971,86 manat, faiz borcu üzrə 5134,98 manat müəyyən olunmuşdur. Məhkəmə faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq kredit müqaviləsinin bitdiyi 12.12.2018-ci il tarixə müəyyən olunmuş məbləğdə, yəni əsas borc üzrə 4971,86 manat, faiz borcu üzrə 3185,30 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli VP/41814/47/29 saylı kredit sazişi müqaviləsində cərimə haqqında razılaşma öz əksini tapmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 5 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 4971,86 manat məbləğində əsas, 3185,30 manat məbləğində faiz, 5 manat cərimə, ümumilikdə 8162,16 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 27 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 90 manatı cavabdehlərdən müştərək qaydada, 10 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4971,86 manat məbləğində əsas, 3185,30 manat məbləğində faiz, 5 manat cərimə, ümumilikdə 8162 (səkkiz min yüz altmış iki) manat 16 (on altı) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 10 (on) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 90 (doxsan) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar