Məhkəmə qərarları › İş №2(044)-683/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-683/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-683/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış 143.96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, 21.10.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 143.96 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, X3 İstismarı İdarəsinin işçiləri 23.08.2021-ci il tarixdə mənzilinə quraşdırılmış G-4 markalı 07AZ**********5 zavod nömrəli smart sayğacı mexaniki sayğacla əvəzləşdirmiş, elektron sayğacı özləri ilə aparmış və 1 ay sonra cavabdeh tərəfin nümayəndələri ünvana gələrək ona akta qol çəkməyini tələb etmişlər. Cavabdehlər bildirmişlər ki, smart sayğacın hesablama mexanizmi guya keçən qazın həcmini düzgün qeyd etmir. Bununla da ona MSK29/1710- 03616-1 saylı rəyinə əsasən 21.10.2021-ci tarixli qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilib 1440 kub metr həcmində 144 manat dəyərində dəymiş ziyan hesablamışdır. Hesab kodunda 143,66 manat borcun ödənilməsini icra etməyini bildirmiş, cavabdeh dəymiş ziyan həcmini saatda 4 kub.m.orta günlük, iş rejimini 12 saat, hesabat müddətini 30 gün qəbul etməklə hesablamışdır. Yəni 4*12*30=1440 kub.m. Cavabdeh dəymiş ziyanın bərpasını müqavilə şərtlərinin pozulması ilə əlaqədar olmasını əsas tutaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 13 cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin istehlakçının təqsiri,hərəkətləri(hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi istehlakçıdan tələb etmək tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsini tələb etmişdir. Gəncə RQİİ-sin ərazi üzrə nümayəndələri tərtib etdiyi ******* nömrəli aktın surətini ona təqdim etməmişdirlər. Bununla əlaqədar olaraq o, X3 İstismarı idarəsinin ona qarşı qərəzli mövqeyi ilə hüquqlarının pozulması barədə X1 şikayət etmişdir. Şikayətlə bağlı X3 İstismarı idarəsi ona 05.01.2022ci il tarixli AM-01/11-008 saylı məktubla müraciətinə baxılması barədə rəsmi cavab vermiş, 2020-ci il üzrə 12 ayda işlətdiyi qazın ödəniş qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. 2020-ci il üzrə cəmi 135 manat dəyərində qazdan istifadə etmişdir, yəni 1350 kubmetr. 2021-ci il yanvar ayından may ayına qədər 100 manat dəyərində smart kart vasitəsilə sayğaca balans yükləyib işlətmişdir. O, 1 ildə dövlətin müəyyən etdiyi qazdan istifadə limitini keçməmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, sayğac istismardan çıxarılaraq yoxlanış üçün laboratoriyaya göndərilmişdir. Orada sayğaca baxış keçirilərkən sayğacın qazın sərfiyyatını qeyd etmədiyi müəyyən olunmuş, bunun əsasında itirilmiş qazın hesabatı aparılmşdır. Sayğaca laboratoriyada baxış keçirilərkən vətəndaşın dəvət olunmasından məlumatı yoxdur. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: - Gəncə şəhəri, Yeni Gəncə 2-Mikrorayon ev 18 mənzil 15 abonentinin saldosunun surətindən görünür ki, İddiaçı 2021-ci il tarixinə 144 manat qalıq borcu qalmışdır. - 21.10.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, MSK 29/1710-03616-1 rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həçmini qeyd etmədiyi müəyyən edilmiş, dəymiş ziyan hesablanması və abonent tərəfindən dəyərinin ödənilməsi qeyd edilmişdir. - 26.10.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir (4x12x30=1440 m3). - 23.08.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı evində qaz sayğacının (Qafl markası G-4 07AZ**********5) istismar müddəti bitdiyi üçün yeni sayğacla (Zenner tipli G4 markalı **********4 nömrəli) əvəz edilmişdir. - 23.08.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qarğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, Paylayıcı (“Azəriqaz” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (İddiaçı) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının: - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bəndində əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iş materiallarında olan sübutlardan aydın olur ki, 23.08.2021-ci il tarixdə Paylayıcı tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, həmin akta əsasən ünvan 1 ünvanında istehlakçı İddiaçı evində quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün çıxarılaraq əvəzində yeni sayğac quraşdırılmışdır. Qeyd olunan normalardan göründüyü kimi fiziki şəxs olan İddiaçı ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan cavabdeh “Azəriqaz” İB daşıyır. Həmçinin cavabdeh, iddiaçının sayğacın hesablama mexanizmi keçən qazın həçmini qeyd etmədiyi üçün dəymiş ziyan hesablamış, lakin iddiaçının təqsiri nəticəsində həmin qüsurun baş verdiyini sübut edə biləmişdir. Məhkəmə hesab edir ki, həmin qüsur iddiaçının kənar müdaxiləsinin təsiri nəticəsində deyil, məhz sayğacın istismar müddətinin başa çatması ilə də yarana bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən hesablanmış 143.96 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 21.10.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 143 (yüz qırx üç) manat 96 (doxsan altı) qəpik məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar