Məhkəmə qərarları › İş №2(044)-685/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-685/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-685/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1770 (min yeddi yüz yetmiş) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur, təxminən 6- 7 ay öncə sonuncunun anası xəstə olduğu zaman maddi problemlərlə üzləşmiş və ondan borc pul istəmişdir. O da Cavabdeh 1850 (min səkkiz yüz əlli) manat pul və 170 (yüz yetmiş) manat məbləğində paltar vermiş, Cavabdeh həmin pulu bir neçə aya qaytaracağına söz vermişdir. Ayrı-ayrı vaxtlarda cəmi 250 (iki yüz əlli) manat pul qaytarmış, qalan 1770 (min yeddi yüz yetmiş) manat pulu isə bu günə qədər qaytarmamışdır. Dəfələrlə bu barədə ona müraciət etmiş, bir neçə dəfə aralarında davadalaş olmuş, hətta Gəncə şəhər Nizami rayon Polis şöbəsinə və Gəncə şəhər Prokurorluğuna da müraciət etmişdir. Bütün bu hadisələrdən sonra Cavabdeh yerdə qalan pulu qaytaracağını bildirsə də, bu günə qədər həmin pulu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən iddiaçıdan 1850 manat məbləğində borc pul almış, həmin borcdan 300 manatı iddiaçıya qaytarmış və iddiaçı bu barədə qeyd yazıb imzalayaraq ona vermişdir. Bu səbəbdən də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş dəftər vərəqində olan yazıdan görünür ki, iddiaçı öz xətti ilə Əfsanədən 300 manat pul aldığını qeyd edərək bunu imzalamış, cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan 1850 manat borc pul aldığını, həmin borcdan 300 manatını qaytardığını, hazırda iddiaçıya 1550 manat borcu olduğunu bildirmişdir ki, bununla da o, iddiaçıdan 1850 manat pul aldığını etiraf etmişdir. Beləliklə, iddiaçının cavabdehə 1850 manat məbləğində borc verdiyi cavabdehin etiraf etməsi ilə öz təsdiqini tapmışdır. İddia edilən borcun cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-nin sübutlarla bağlı tələblərinə görə həmin borcdan 300 manat məbləğində pulu iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüş və o, izahatında göstərdiyini sübut etmək üçün məhkəmə iclasında iddiaçının əlyazması ilə yazılıb imza edilmiş qeydi məhkəməyə təqdim etmiş, həmin qeyd iddiaçı tərəfindən mübahisələndirilmədiyindən 300 manat pulun iddiaçı tərəfindən alınması barədə qeyd məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1550 manat məbləğində pul tutularaq iddiaçıya verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1550 (min beş yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar