Məhkəmə qərarları › İş №2(044)-763/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-763/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-763/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı oğlundan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 200 manat məbləğində alimentin və uşaq üç yaşına çatanadək hər ay əlavə olaraq 100 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2102/2020 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində alimnetin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilən məbləğdə alimentin hazırki iqtisadi vəziyyətdə normal qaydada uşaq saxlamaq mümkün deyil. Hazırda iddiaçı işləmir və maddi vəziyyəti pisdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ- İV 114730 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2102/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində alimnetin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bayramov Rövşən Fidayıl oğlu iddia tələbinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Məhkəmə iddianın alimentin artırılması hissəsində təmin edilməsi üçün hər hansı hüquqi əsaslar müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2102/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə cavabdehdən aliment tutlması barədə yekun məhkəmə altı qəbul edilmiş və həmin tarixdən sonra yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirmək tələbi üçün əsaslar yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Əvvəlki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ona görə də iddia alimentin artırılaraq 200 manat miqdarında müəyyən olunması hissəsində təmin edilməməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı uşaq 3 yaşına çatanadək hər ay 100 manat alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Qanuni qüvvəyə minmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2102/2020 saylı qətnaməsindən görünür ki, tərəflər nikah münasibətindədirlər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2102/2020 saylı qətnaməsindən də göründüyü kimi cavabdehin aylıq qazancı 350 manat təşkil edir. Məhkəmə hesab edir ki, 3 yaşı 2021-ci ilin aprel ayında bitəcək uşağa baxan anaya hər ay 50 manat məbləğində aliment verilməsi üçün cavabdehin 350 manat qazancı da zəruri vəsait hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək cavabdehdən hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia alimentin artırılaraq 200 manat miqdarında müəyyən olunması hissəsində təmin edilməməli, xx.xx.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutulması hissəsində isə qismən təmin edilərək hər ay 50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi təmin edilməli, qalan hissədə isə iddia rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4-cü maddələrinin tələblərinə uyğun olaraq 10 (on) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir . Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X1 ödəməkdən azad edildiyi dövlət rüsumu olan 10 (on) manat Cavabdeh oğlundan tutularaq dövlət mədaxilinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar