Məhkəmə qərarları › İş №2(044)-779/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-779/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-779/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh onun xeyrinə 10.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2841.33 manat əsas, 330.48 manat faiz borcu və 63.24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3235.05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2018-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, Cavabdeh 10 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 21 iyul 2020-dək Cavabdeh banka 10 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2841.33 manat əsas borc, 330.48 manat faiz borcu və 63.24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3235.05 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsin əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hüsab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh tərəfindən borcun çox hissəsi ödənilsə də, iddiaçı tərəfindən borc məbləği şişirdilmiş, düzgün hesablanmamışdır. Mülki iş materiallarında olan: - 10.07.2018-ci il tarixli 23-Y-2-0-534-18 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh X7 Səhmdar Cəmiyyətindən illik 26 faiz ödəmək şərti ilə 36 ay müddətinə götürdüyü 5000 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 21.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21.07.2020-ci il tarixə iddiaçıya 10.07.2018-ci il tarixli 23-Y-2-0-534- 18 saylı kredit müqaviləsinə əsasən 2841.33 manat məbləğində əsas, 330.48 manat məbləğində faiz, 63.24 manat cərimə borcu, cəmi 3235.05 manat məbləğində borcu vardır. - 10.07.2018-ci il tarixli Kassa Məxaric orderindən görünür ki, Cavabdeh X7 Səhmdar Cəmiyyəti tərəfindən 5000 manat pul verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. - 20.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Mülki iş üzrə borcun məbləğinin müəyyən olunması məqsədilə cavabdehin nümayəndəsinin vəsatətinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(044)-779/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli, 9/2587 №-li rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 10.07.2018-ci il tarixli, 23-Y-2-0- 534-18 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 2837,88 manat, faiz borcu üzrə 307,44 manat müəyyən olunmuşdur. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan 10.07.2018-ci il tarixli 23- Y-2-0-534-18 saylı kredit müqaviləsinə əsasən 2841.33 manat əsas, 330.48 manat faiz və 63.24 manat cərimə olmaqla cəmi 3235.05 manat borcu göstərilsə də, ekspert rəyində 10.07.2018-ci il tarixli 23-Y-2-0-534-18 saylı kredit müqaviləsi üzrə 2837.88 manat əsas borc, 307.44 manat faiz borcu müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq 10.07.2018-ci il tarixli 23-Y-2-0-534-18 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 2837.88 manat, faiz borcunun məbləği isə 307.44 manat müəyyən olunmalıdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 10 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, 10.07.2018-ci il tarixli 23-Y-2-0-534-18 müqaviləsinin müddətinin 10.07.2021-ci il tarixdə bitdiyi üçün iddia tələbinin "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2018-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi hissəsinin hazırda təmin edilməsinə zərurət olmadığından həmin hissədə iddia təmin edilməməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 10.07.2018-ci il tarixli 23-Y-2- 0-534-18 saylı kredit müqaviləsi üzrə 2837.88 manat əsas borc və 307.44 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla cəmi 3155,32 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 3 manat məbləğində hissəsi iddiaçıdan, 47 manat məbləğində hissəsi isə cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.07.2018-ci il tarixli 23-Y-2-0-534-18 saylı kredit müqaviləsi üzrə 2837.88 manat əsas borc və 307.44 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla cəmi 3155 (üç min yüz əlli beş) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 3 (üç) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 47 (qırx yeddi) manat məbləğində hissəsi isə Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar