Məhkəmə qərarları › İş №2(044)-799/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-799/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-799/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas borcun və dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və 0.4(qırx qəpik) manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında 25.12.2019-cu il tarixli BPM**********96 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə bank tərəfindən borcalana illik 17%-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, borcalan əsas və faiz borcu ödəmələrini gecikdirmişdir. X5 24.07.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 675 saylı 08.07.2021-ci il tarixli məktubundan görünür ki, X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Gəncə filialı tərəfindən təqdim edilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas borcu qalmışdır. Cavabdeh X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin əvvəlki iclasında iddianı etiraf edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Kreditor "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış 25.12.2019-cu il tarixli BPM**********96 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 17%-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Kreditor "xxxx" ASC tərəfindən verilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X3 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas, bank tərəfindən dövlət rüsumu kimi dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat və 0.4(qırx qəpik) manat xidmət haqqı borcu vardır. AZ İİ 100499 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 11.06.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı Notariat Ofisinin 08 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemində axtarış zamanı Gəncə şəhər 5 saylı Notariat Ofisində mərhum X4 dair 24.07.2020-ci il tarixdə, V-41 reyestr nömrəli vərəsəlik işi açılmış və 21.12.2020-ci il tarixdə, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 vərəsəsi Cavabdeh tanınmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə mərhum borcalan X5 arasında bağlanmış 25.12.2019-cu il tarixli BPM**********96 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə bank tərəfindən borcalana illik 17%-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, borcalan əsas və faiz borcu ödəmələrini gecikdirmişdir. Nəticədə borcalanın kreditora 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas və dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu və 0.4(qırx qəpik) manat xidmət haqqı məbləğində borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borcalan X5 24.07.2020-ci il tarixdə ölmüş və qanun üzrə vərəsəlik hüququ haqqında 21.12.2020-ci il tarixli şəhadətnamə əsasında Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə kredit borcunun ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin borcla bağlı, habelə borcalan öldüyü üçün vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan 25.12.2019-cu il tarixli BPM**********96 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, mərhum Aynaxanım Dəmirova isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edilir ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin mərhum borcalan Aynaxanım Dəmirova müqavilənin şərtlərini pozaraq öhdəliklərin lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır. Hazırda isə borcalan vəfat etmişdir. Lakin bu iddianın təmin edilməməsini şərtləndirmir. Belə ki, Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Məhkəmə göstərir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 503-cü maddəsində göstərilmişdir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Məhkəmə göstərir ki, hazırki iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında 24.07.2020-ci il tarixli şəhadətnamə əsasında Cavabdeh X1 vərəsəsi tanınmışdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi vərəsə tərəfindən miras aktivi qəbul edildiyi üçün o, miras passivi üzrə cavabdehlik daşımalıdır. Belə ki, Mülki Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. (Mülki Məcəllənin 28.2 və 28.3-cü maddələri). Qeyd olunanlara görə məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas borc tutularaq "xxxx" ASC-nin xeyrinə verilməlidir. Həmçinin məhkəmə göstərir ki, müqavilədə nəzərdə tutulmuş xərclər və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu və 0.4(qırx qəpik) manat xidmət haqqının əvəzi də Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas borcun və dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və 0.4(qırx qəpik) manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X6 2778.12(iki min yeddi yüz yetmiş səkkiz manat on iki qəpik) manat əsas borcun və dövlət büdcəsinə köçürülmüş 47.78(qırx yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu və 0.4(qırx qəpik) manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar