Məhkəmə qərarları › İş №2(044)-829/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-829/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-829/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Həsənov Rübail Tofiq oğlunun iştirakı ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-yə vurulmuş 385.00 manat məbləğində zərərin və 20.40 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 405.40 manat pulun cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğlundan tutularaq iddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin “xxxx” ASC-nin Sabunçu filialı,(Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağır-zadə Ramiz Nəcəf oğluna məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB –nin Gəncə RQİİ-nin qazın balansı və satışı şöbəsi tərəfindən **********00190 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, **********5 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə qurlaşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğacdan əlavə kənar xətdən istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Akta əsasən cavabdehin 432.00 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh həmin borcdan 47.00 manat qismən ödəniş etmişdir. Hazırda cavabdehin borcu 385.00 manat məbləğindədir. Ərizəyə əlavə olunmuş: xx.xx.2020-ci il tarixli itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 4320 m3, 432.00 manat borcdan müəyyən ödənişlər olunmuş və bugünkü günə 385.00 manat borcu yaranmışdır. - xx.xx.2020-ci il tarixli İL-253 qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin surətindən görünür ki, paylacı Azəriqaz İB ilə Bağır-zadə Ramiz Nəcəf oğlu arasında müqavilə bağlanmışdır; - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Bağır-zadə Ramiz Nəcəf oğlu tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2020-ci il tarixli 021032 saylı cəmi 4320 m3-dir; xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Həsənov Rübail Tofiq oğlu iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, onun izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı orqanın əməkdaşları tərəfindən cavabdehə məxsus fərdi yaşayış evində yoxlama keçirilmiş, sayğaca müdaxilə olduğu müəyyən edilərək akt tərtib edilmiş və dəymiş ziyanın həcmi 432.00 manat müəyyən edilmişdir. Cavabdeh həmin borcdan 47.00 manat, yəni qismən ödəniş etmişdir. Hazırda cavabdehin borcu 385.00 manat məbləğindədir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi Bağır-zadə Ramiz Nəcəf oğluna məxsus fərdi yaşayış evində qanunsuz xətt aşkar edilmiş, bu barədə ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmişdir. Belə olduğu halda qaz paylayıcısı dəymiş zərərin ödənilməsini Bağırzadə Ramiz Nəcəf oğlundan tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.4.3-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, akt üzrə yaranmış dəymiz ziyanın əvəzi olan 385.00 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat 40 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğluna qarşı «dəymiş zərərin əvəzinin ödənilməsinə» dair iddia tələbi təmin edilməli, akta əsasən cavabdehdən 385.00 manat məbləğində dəymiş ziyan və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğluna qarşı «dəymiş zərərin əvəzinin ödənilməsinə» dair iddia tələbi təmin edilsin. Cavabdeh Bağır-zadə Ramiz Nəcəf oğlundan 385.00 manat pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat 40 qəpik tutularaq “Azəriqaz” İstehsalahat Birliyinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar