Məhkəmə qərarları › İş №2(044)-855/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-855/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-855/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.02.2022-ci il tarixdən, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 11.05.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay 110 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmiş və həmin məhkəmənin 28.08.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 140 manat məbləğində müəyyən edilmişdir. Hazırda qızı Xanım İsmayılovanın 11 yaşı var və həmin məbləğ uşağın maddi tələbatlarını ödəmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun iddia ərizəsində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 140 manat məbləğində alimenti çətinliklə ödəyir və o, hər ay 160 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli 2(044)- 5275/2017 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07.10.2013-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 31 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 11.05.2011-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında saxlanılması, 11.05.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.07.2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 110 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli 2(044)-2651/2019 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli 2(044)-5275/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilməklə, 11.05.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 18.06.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından 11.05.2011-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iddia tələbinin aliment məbləğinin 14.02.2022-ci il tarixdən hesablanması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisna olunur. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli 2(044)-2651/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 11.05.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2160 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli 2(044)-2651/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 11.05.2011ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 41.60 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 18.04.2022-ci il tarixli 2(044)-855/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar