Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-877/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 dəymiş zərərin aradan qaldırılması məqsədilə, ona məxsus 6000 manatın və ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2018-ci il tarixdə Gəncə şəhəri “Kovrovu” adlanan ərazidə torpaq paylanmasının olduğunu eşitmiş, çoxdan həmin ərazidən torpaq almaq istəyi olduğu üçün bu məsə ilə maraqlanmışdır. Ona məlum olmuşdur ki, torpaq satışı bu ərazidə şəhərin baş memarı Əli Rüstəmliyə həvalə edilib. O, cavabdeh Əli Rüstəmli ilə Təzə bazar adlanan yerdə görüşmüş, Rüstəmliyə həmin ərazidən 2 sot torpaq istədiyini, sonuncu da ona orada torpağın sotunun 3000 manata satıldığını bildirmişdir. O, iki şahidin iştiraki ilə cavabdehə 6000 manat pulu, yəni 2 sot torpağın pulunu vermişdir. Aradan bir neçə həftə keçmiş və həmin ərazidə ona torpaq verilmədiyi üçün o, Əli müəllimi tapıb məsələyə aydınlıq gətirmək istəmişdir. Cavabdeh Rüstəmli isə cavab olaraq Gəncə şəhər icra başçısının köməkçisi Vüsal adlı şəxsin həmin ərazidə torpaq sahəsinin sotunun 30xx xxxxx 4000 manata satıldığını demişdir. Sonuncu həmin məbləğlə razı olmadığı üçün Rüstəmliyə verdiyi 6000 manat pulunu geri tələb etmişdir. Əli Rüstəmli isə həmin pulun Vüsalda olduğunu, gedib pulunu onda tələb etməsini demişdir. O, Vüsala zəng edib pulunu tələb edəndə Vüsal cavabında ona kimə pul veribsənsə, get ondan da pulunu tələb et deyə cavab vermişdir. Bundan sonra o yenidən cavabdehin yanına gəlmiş və pulunu tələb etmişdir. Cavabdeh ona pulun olmadığını əvəzində hardan istəyir həmin yerdən torpaq tapmasını xahiş etmiş və bildirmişdir ki, tapacağı torpağa o, sərəncam verdirəcəkdir. Bu səbəbdən o pulunu diriltmək üçün yeni torpaq axtarmağa başlamışdır. Bu minvalla o şəhərdə münasib torpaq sahəsi axtarmış və Yeni Gəncə qəsəbəsi 28 May küçəsində Qarabağ əlilləri binasının qarşısında bir boş sahəyə baxmışdır. Orada yaşayanlardan maraqlananda ona bildirilmişdir ki, həmin torpaq sahəsi orada yaşayan Qarabağ əlili olan X1 tərəfindən zəbt edilmişdir. Orada yaşayan Rauf adlı şəxs onu Bahadurun yaşadığı mənzilə aparmış, Bahadurun ailə üzvləri onun Beynəlxalq xəstəxanada yatdığını demişlər. Onun ailə üzvləri danışıq zamanı həmin torpaq sahəsini 2000 manata sata biləcəklərini bildirmişlər. O, sonuncularla razılaşaraq 2000 manat pulu vermiş və dillərindən yazılı iltizam almışdır. İltizamı Bahadur və onun ailə üzvləri hamısı imzalamışlar. Bundan sonra o, cavabdeh Əli Rüstəmli ilə görüşmüş və ona Yeni Gəncə qəsəbəsində əlillərin binasının qarşısında torpaq sahəsi tapdığını bildirmişdir. Onula birlikdə həmin torpaq sahəsinə yerində baxış keçirmişlər və ona bildirilmişdir ki, həmin torpaq sahəsi boşdur və sərəncamın hazırlanmasına göstəriş ver ilmişdir. xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon İHB sərəncamı ona verilmişdir. Bir müddət keçdikdən sonra ona ayrılan torpaq sahəsinə ev tikmək niyyəti ilə gedəndə orada yaşayan şəhid ailələri, əlillər onun üstünə hücum etmişlər. O, Bahadura məsələyə aydınlıq gətirməsini, ona 2000 manat veridiyini bildirmiş, Bahadur isə həmin sakinlərin yanında ondan pul aldığını danmışdır. Maraqlısı odur ki, İHB sərəncamı bu insanlar üçün dövlət məmuru tərəfindən verilən hüquqverici sənəd deyildir. O, dərhal cavabdeh Rüstəmliyə müraciət etmişdir ki, torpaq sahəsini qanunvericilik normalarına əsasənmi ona verilib? Əgər bu torpaq sahəsi ona qanuna uyğun ayrılıb verilibsə, torpaq sahəsini ölçüsünü yerində ayrılıb təyin edilməsini təmin etsin. Lakin sonuncu müxtəlif bəhanələrlə imtina etmiş və o, başa düşmüşdür ki, ona verilən bu rəsmi sənədin heç bir hüquqi qüvvəsi yoxdur və onun halal pulunu vəzifələrindən sui-istifadə edərək, mənimsəyiblər. Bu məsələ ilə bağlı o, Gəncə şəhər Baş Polis İdarəsinə bir neçə ay öncə müraciət etmiş, lakin əfsuslar olsun ki, Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi cinayət işinin başlanmasinin rədd edilməsi haqqında qərar qəbul etmiş və mülki iş qaydasında məhkədə iddia qaldırması tövsiyyə olunmuşdur. Həmin qərarda qeyd olunan Əli Rüstəmlinin bu hadisə ilə bağlı etirafı qeyd edilsə də, bir kəlmə belə vəzifəli şəxs tərəfindən vəzifəsindən sui istifadə edərək o rüşvət tələb edib aldıqdan sonra ona sərəncam verməsinə dair heç bir hüquqi qiymət verilməmiş, təsdiqlənmiş hallara isə çox müəmmalı hüquqi qiymət verilmiş və ona dəymiş zərər təbii ki, ödənilməmişdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən ona 3000 manat pul verilmişdir. Həmin pulu o, Vüsal adlı şəxsə vermişdir. İddiaçı ona 3000 manat pulu verəndə onların yanında heç kim olmamışdır. Sonda cavabdeh iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Vətəndaş İddiaçı məktubuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onun şikayəti əsasında toplanmış material üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış, tələbin mülki hüquqi xarakterli olması səbəbindən toplanılmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilişdir. Onun şikayəti mülki hüquqi xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - xx xxxxxx 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının İddiaçı Gəncə şəhəri 28 May küçəsinin şərq tərəfində yerləşən 450 kv.m torpaq sahəsin verilməsi barədə xx xxxx 2018-ci il tarixli 359 nömrəli sərəncamından görünür ki, İddiaçı ilə X7 və X1 ilə aralarında mülki hüquq münasibətlərindəndən irəli gələn münasibətlər olmuşdur ki, bu münasibətlərdə əmlakın dələduzluq yolu ilə ələ keçirilməsi təsdiq olunmamışdır. Odur ki, İddiaçı ərizəsi əsasında toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 178ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olmadığından material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna əsasən Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsi tərəfindən göndərilmiş HK-1/683 (RM-137/20) saylı materialda olan, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli 359 saylı Sərancamından görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 1-ci döngə, ev 43-də yaşayan İddiaçı müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Aazərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezitentinin x xxxx 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında əsasnamənin 6.8-ci bəndini əsas tutaraq Gəncə şəhəri, 28 May küçəsiinin şərq tərəfində yerləşən 450 kv. M torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yeləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı cavabdehə torpaq alqı-satqısına görə 6000 manat pul verdiyini bildirsə də, tərəflər arasında bu barədə razılaşmanın olmasına dair hər hansı sənəd mövcüd deyildir. Bununla belə cavabdeh qanuni əsas olmadan iddiaçıdan 3000 manat alaraq sonuncunun adına torpaq sahəsini sənədləşdirəcəyini bildirmiş, lakin sənədləşdirməyərək iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh iddiaçıdan 3000 manat pul aldığını etiraf etdiyi üçün məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qiymətləndirmişdir. İddiaçı isə cavabdehə torpaq sahəsinə görə 6000 manat pul verdiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 6000 manatın verilməsi sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 3000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 3000 (üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-877/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-877/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver