Məhkəmə qərarları › İş №2(044)-895/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-895/2022

16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-895/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə salındığına görə, ondan dəyəri 2277.4 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanı çəkdiyi dövrdə Cavabdeh yaşadığı ünvanda onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusu sındıraraq yararsız vəziyyətə salmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2277.4 manat, təşkil edir. Cavabdeh dəyəin ödənilməsi təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(044)- 261/21 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(044)-261/21 saylı hökmü ilə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş Cavabdeh ayağına 078CE52242 nömrəli elektron qolbaq “ATTENTİ” bağlanmışdır. Bununla yanaşı 1 ədəd 35627510 nömrəli mobil qurğu təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarlarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(044)-261/21 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. Sadə Elektron qolbağ mobil nəzarət (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 2277.4 manat. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(044)-261/21 saylı hökmü ilə AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması məqsədilə həmin vasitələrə baxış keçirilmiş, baxış zamanı ona təhvil verilmiş mobil qurğunun korpus hissəsi sındırılaraq yararsız hala salınmışdır. Cavabdeh həmin qurğunu özbaşına ustaya apararaq kustar üsulla korpusunu bağlatmışdır. Mobil qurğunun bir hissəsinə müdaxilə etdiyi və nəticədə “qolbaq açıldı” siqnalı daxil olmuşdur. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, sadə elektron qolbaq dəstinin qiyməti 2277,40 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından görünür ki, Cavabdeh ona təhvil verilmiş 078CE52242 nömrəli elektron qolbağı yararsız vəziyyətə gətirərək Ədliyyə Nazirliyinə 2277.4 manat məbləğində maddi ziyan vurmuş, buna görə də o, vurulmuş zərərin əvəzini ödəməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2277.4 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən məhkəmələrə verilən başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 2277.4 manatadək olduğuna görə məhkəmə hesab edir ki, 42,77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik məbələğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar