Məhkəmə qərarları › İş №2(044)-903/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-903/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-903/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 200 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Lakin 2017-ci ildə cavabdeh onu ataraq getmiş və ailəsi ilə demək olar ki, maraqlanmamışdır. Həmin vaxt o aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(044)-583/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X1 üçün 100 manat aliment tutulmuşdur. O, alimentin artırılması iddiası ilə xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2020-ci il tarixli 2(044)976/2020 № li qətnaməsi ilə alimentin məbləğini 140 manat təyin etmişdir. Lakin bu məbləğdə uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Cavabdehin əvvəlki alimentdən 1500 manat borcu vardır. O, son aylarda alimenti ödədikdə yığılmış 1500 manat alimentdən 5 manat ödəniş edir. Uşağın bütün qayğı və ehtiyaclarını o, çəkir. Böyüdükcə uşaqda atasına qarş ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin onların uşağı xəstədir daim müalicə alır. Sonda iddianın təmin olunmasına dair qətnamı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun alimenti ödəməyə imkanı olmadığı üçün 1200 manat borcu yığılmışdır. Onun birinci ailəsindən üç uşağı vardır və uşaqlardan biri xəstədir. O, alimenti ödəmədiyi üçün 10 gün inzibati qaydada həbs olunmuşdur. Alimentin artırılmasından 6 ay müddət keçmiş və bu müddətdə onun gəlirində artım olmamışdır. Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 976/2020 saylı qətnaməsinin surətindən görünür ki, x xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə aliment artırılması ilə bağlı qətnamə çıxdığı xx.xx.2020-ci il tarixli, 2(044)-976/2020 saylı qətnaməsindən keçən 7 ay müddətində cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda aliment borcu olmasını iddiaçı özü də etiraf etmişdir. Bu isə cavabdehin hətta hər ay 140 manat aliment ödəməyə çətinlik çəkdiyini göstərir. Bundan başqa iddiaçı uşağın xəstə olduğunu və daimi müalicə aldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşağın saxlanılması üçün iddiaçıya ümumilikdə 140 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu, cavabdehin birinci nikahdan üç uşağının olmasını və gəlirlərində artım olmadığını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar olmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar