Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-924/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Samsung” markalı paltaryuyana görə edilmiş ödənişlərin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Samsung” markalı paltaryuyana görə edilmiş ödənişlərin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış 05.09.2019-cu il tarixli, 00890934 nömrəli müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş 366 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 433 ünvanında-Gəncə Mall Ticarət Mərkəzində yerləşən Cavabdeh MMC-yə məxsus “Kontakt Home” mağazasından 05.09.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında bir ədəd “Samsung” markalı paltaryuyan almışdır. “Kontakt Home”un servisi tərəfindən məhsul quraşdırıldıqdan sonra paltaryuyandan istifadə edən zaman onlara məlum olmuşdur ki, paltaryuyan paltarları təmiz yumur. Onlar bu barədə mağazanın qaynar xəttinə zəng vurub məlumat verdikdə yuyucu vasitədən olduğunu və yuyucu vasitəni dəyişməklərini onlara bildirmişlər. İddiaçı bir neçə növ yuyucu vasitələrdən istifadə etsə də, yenə paltaryuyanda olan qüsur aradan qalxmamışdır. Onlar yenidən mağazanın qaynar xəttinə müraciət edib usta göndərmələrini xahiş etmişlər. Bir neçə gün sonra “Samsung”un texniki servisinin ustaları onların ünvanına yaxınlaşıb paltaryuyana baxdıqda ümumiyyətlə “Kontakt Home” mağazasının ustaları tərəfindən məhsulun düzgün quraşdırılmadığını bildirmişlər. Belə ki, paltaryuyanın borusu kanalizasiyaya yerdən qoşulmuş, əslində isə paltaryuyanın borusu yuxarıdan aşağıya doğru azı 60 sm yüksəklikdən kanalizasiyaya qoşulmalı imiş. Bu səbəbdən də paltaryuyanın düzgün işləməyə biləcəyini demişlər. Lakin həmin problem aradan qaldırıldıqdan sonra da paltaryuyan düzgün işləməmişdir. Onlar yenidən bu barədə mağazanın qaynar xəttinə zəng vuraraq paltaryuyanın yenə paltarları təmiz yumamasını, təyinatına uyğun işləməməsini bildirmişlər və yenidən usta göndərilməsini tələb etmişlər. “Samsung”un ustaları onların ünvanına gəlib paltaryuyana baxış keçirdikdə müəyyən etmişlər ki, məhsulun “dozator” adlanan hissəsi xarab olub, işləmir və onun yenisi ilə əvəz olunmalı olduğunu demişlər. Həmin xarab olan detalın Gəncədə olmadığını və Bakıdan sifarişlə 3 gün-1 həftəyə gələcəyini bildirsələr də, təxminən 20 gündən sonra ustalar xarab olan detalı dəyişmək üçün gəldiklərində onlar paltaryuyanda olan qüsurun aradan qalxıbqalxmayacağını soruşduqda, onlara bildirmişlər ki, bu detalın funksiyasının paltaryuyanın təmiz yuyub-yumaması ilə əlaqəsi yoxdur. Detal dəyişdikdən sonra paltaryuyandan yenidən istifadə etdikləri zaman həmin qüsurun arada qalxmadığı məlum olmuş və bundan sonra dəfələrlə əlaqə saxlayıb paltaryuyanın paltarları təmiz yumamasını, təyinatına uyğun düzgün işləməməsini və bu qüsurların aradan qaldırılmasını tələb etsələr də, onların müraciətlərinə baxan olmamışdır. Daha sonra mağazanın qaynar xətti ilə əlaqə saxlayıb paltaryuyanı aparmalarını və həmin əşyanın yenisi ilə əvəz olunması və ya ödəniş etdikləri məbləğin geri qaytarılmasını tələb etmişlər. Bundan sonra 07.12.2020-ci il tarixdə mağazanın texniki servisi təhvil-təslim aktı ilə paltaryuyanı geri götürmüşlər. Bir müddət sonra zəng vurub məlumat vermişlər ki, paltaryuyan qiymətləndirilib, dəyəri 699,99 manat təşkil edir və iddiaçının ödənişlərini də hesabladıqdan sonra iddiaçının kreditinin bağlanması üçün 127 manat ödəniş etməli olduğunu bildirmişlər. O, aldığı gündən bəri təyinatına görə düzgün işləməyən məişət əşyası üçün pul ödəməli deyildir. Qeyd edilənlərə əsasən Cavabdeh MMC ilə onun arasında bağlanmış 05.09.2019-cu il tarixli, 00890934 nömrəli müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş 359 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümyəndəsi X3 iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05.09.2019-cu il tarixli, 00890934 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı “xxxx” MMC-dən qiyməti 1278 manat olan “Samsung” markalı paltaryuyanı qızıl zəmanətlə ayda 71 manat ödəmək şərti ilə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürərək almışdır. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18.10.2019-cu il tarixdən 18.03.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 18-i tarixində ayda 71 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05.09.2019-cu il tarixli, ******* saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 4 manat, 18.09.2019-cu il tarixli, ******* saylı qəbzdən görünür ki, 71 manat, 01.11.2019-cu il tarixli, ******* saylı qəbzdən görünür ki, 71 manat, 17.12.2019-cu il tarixli, ******* saylı qəbzdən görünür ki, 71 manat, 10.01.2020-ci il tarixli, 74213 saylı qəbzdən görünür ki, 71 manat, 18.02.2020-ci il tarixli, 416234 saylı qəbzdən görünür ki, 71 manat məbləğində, cəmi 359 manat ödəniş edilmişdir. 17.12.2020-ci il tarixli Təhvil-Təslim aktının surətindən görünür ki, “Samsung” markalı paltaryuyan İddiaçı tərəfindən təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Servis Mərkəzinin “evdə xidmət qəbzi”nin sutərindən görünür ki, Samsung” markalı paltaryuyanda 14.02.2020-ci il tarixdə “ləkə salır, suyu axıb gedir, kanalizasiya turbası olduğu üçün suyu axıb gedir, “Kontakt” tərəfindən düzgün quraşdırılmaması” qüsurları müəyyən edilmişdir, 24.03.2020-ci il tarixdə “su axıdır, dozatorun dəyişdirilməsinə” dair qüsurlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə görə əşya alıcının mülkiyyətinə verilməli və həmin əşyanın qiyməti alıcı tərəfindən ödənilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinə əsasən əşya cavabdehə xüsusi zəmanət şərti ilə satılmışdır. Məhkəmə araşdırması zamanı işin faktiki halları və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, alınmış məhsul bir neçə dəfə eyni qüsurla servisə təqdim edilmiş, lakin hər dəfə müxtəlif qüsurların olduğu bildirilərək aşkar edilmiş qüsurlar satıcı tərəfindən aradan qaldırılmamış, təmir edilməmiş, məhsulun təyinatına uyğun istifadəsi təmin edilməmiş və yaxud məhsul başqası ilə əvəz edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barədə satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.3-cü maddəsinə əsasən əşyanı nümunəyə və (vəya ) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (vəya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Satıcı Cavabdeh MMC alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməli olduğundan, həmçinin alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməli olduğundan, həmçinin alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməli olduğundan və mülki qanunvericilikdə öhdəlik hüquq münasibətlərindən irəli gələn yuxarıda qeyd edilən öhdəliyini Cavabdeh MMC icra etmədiyindən İddiaçı iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış 05.09.2019-cu il tarixli, 00890934 saylı müqavilə ləğv edilməli, müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 359 manat pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05.09.2019-cu il tarixli, 00890934 saylı müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 359 (üç yüz əlli doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-924/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-924/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver