Məhkəmə qərarları › İş №2(044)-925/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-925/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-925/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 nömrəli kredit müqaviləsi üzrə 3595.24 manat əsas, 653.55 manat faiz olmaqla cəmi 4248.79 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 25 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (saat 1 əd. üzük 3 əd.) 750 əyyarlı, 10 qram çəkidə 1 ədəd saata yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 29 faizlə 4300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcu ödəməmişdir. Eyni zamanda, bank ilə - Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxx 2019-cu il tarixli, 800840- 477595/3 nömrəli girov müqviləsi bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli, 800840- 477595/3 nömrəli girov müqaviləsinə borc öhdəliklərinin təminatı qismində Cavabdeh1 oğluna məxsus 583 əyyarlı, 25 qram çəkidə 4 ədəd qızıl-zinyət əşyaları (saat 1 ədəd, üzük 3 ədəd), 750 əyyarlı, 10 qram çəkidə 1 ədəd saat bankın pul anbarına saxlanca verilmişdir. Eyni zamanda, kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. xx xxxxxx 2020-ci il tarixinə borclunun xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 saylı kredit müqaviləsi üzrə 3595.24 manat əsas borc və 653.55 manat faiz borcu olmaqla cəmi 4248.79 manat məbləğində kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, kredit və faiz borcunu qəbul edir, lakin borcun girov predmetinə yönəldilməsinə razı deyildir. O, xəstə olduğu üçün, pandemiya dövründə ödəniş edə bilməmişdir. Hal-hazırda sərt karantin rejimi başa çatmış və o, hər ay hissə-hissə borcunu ödəyəcəkdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 29% dərəcəsi ilə 24 ay müddətinə şəxsi istehlak məqsədi üçün 4300 manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixli 001/007/11249/2020 № li maliyyə arayışından görünür ki, borclunun banka 3595.24 manat əsas borc və 653.55 manat faiz borcu olmaqla, cəmi 4248.79 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 112 gün təşkil edir. - 05 dekabr 219-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 800840-477595/3 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilmədiyi hallarda Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin tam icrasını öz öhdəliyinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 800840-477595/3 saylı girov müqaviləsindən görünür ki, cavabdeh ona məxsus 583 əyyarlı, 25 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (saat 1 əd. üzük 3 əd.) 750 əyyarlı, 10 qram çəkidə 1 ədəd saatı girov qoymuşdur. - İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 bank tərəfindən 4300 manat pul verilmişdir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür, buna görə də iddia ona münasibətdə də təmin olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsində də təmin edilməlidir. Çünki cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədiklərindən iddiaçının tələbinin ödənilməsi üçün tutmanın girov qoylmuş əşyalara yönəldilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 3595.24 manat əsas, 653.55 manat faiz, cəmi 4248.79 manat məbləğində borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, tutma girov qoyulmuş 583 əyyarlı, 25 qram çəkidə 4 ədəd qızıl-zinət əşyalarına (saat 1 ədəd, üzük 3 ədəd) və 750 əyyarlı, 10 qram çəkidə 1 ədəd saata yönəldilməli, həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 3595.24 manat əsas və 653.55 manat faiz borcu, ümumilikdə 4248 (dörd min iki yüz qırx səkkiz) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov qoyulmuş 583 əyyarlı, 25 qram çəkidə 4 ədəd qızıl-zinət əşyalarına (saat 1 ədəd, üzük 3 ədəd) və 750 əyyarlı, 10 qram çəkidə 1 ədəd saata yönəldilsin və həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar