Məhkəmə qərarları › İş №2(044)-940/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-940/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-940/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı uşaqları X9 və X10 ilə birlikdə Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi, 3 dalan, 7B-də yerləşən 3 otaqlı yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə verərək İddiaçı, azyaşlı uşaqları X9 və X10 ilə birlikdə Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi, 3 dalan, 7B-də yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə ailə həyatı qurmuş və 29 noyabr 2007-ci il tarixdə nikahlarını rəsmləşdirmişlər. İddiaçı ilə cavabdehin birgə nikahdan 10.06.2008-ci il təvəllüdlü X9 və 04.01.2012-ci il təvəllüldü X10 adlı uşaqları doğulmuşdur. Tərəflər 2007-ci ildə ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehin anası X2 adına olan Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi, 3 dalan, 7B-də yerləşən 3 otaqlı evə gəlin köçmüş və gəlin köçən zaman sonuncuya məxsus cehiz əşyaları həmin evə aparılmış, tərəflərin birgə nikahdan olan uşaqları həmin evdə doğulmuş və bugünkü vaxta qədər də fasiləsiz olaraq 13 ildir həmin evdə yaşamışlar. Cavabdehin anası Sədaqət Şükürova yataq xəstəsi olub və vəfat edənə qədər ona iddiaçı qulluq etmişdir. İddiaçı və uşaqları 13 ildir həmin evdə yaşamaqlarına baxmayaraq cavabdeh hazırda sonuncuların həmin evdə yaşamaqlarına və istifadə etməklərinə maneçilik törədir, dava-dalaş yaradır və sonuncuları evdən qovur. Mübahisəli ev hazırda da cavabdehin anası mərhum X2 adınadır və sonuncu da 2008-ci ildə vəfat etmişdir. İddiaçı və azyaşlı uşaqlarının hazırda yeganə yaşayış yeri mübahisəli mənzildir. Onların həmin evdən başqa yaşayış yeri yoxdur, cavabdeh isə sonunculara həmin evdən istifadə etməyə maneçilik törədir. Hazırda cavabdehlə birlikdə həmin mənzildə yaşasalar da, aralarında mübahisə olan kimi cavabdeh iddiaçını uşaqları ilə birlikdə həmin mənzildən qovur. Mübahisəli mənzildə iddiaçının uşaqları ilə birlikdə yaşamasına cavabdehin atası və qardaşları etiraz etmir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 29.11.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 10.06.2008-ci il təvəllüdlü X9 və 04.01.2012-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. - Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 22 yanvar 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı və onun uşaqları 10.06.2008-ci il təvəllüdlü X9 və 04.01.2012-ci il təvəllüdlü X10 həqiqətən ünvan 1 ünvanında yaşayırlar. - vəkil Şahlar Tağıyevin 21.01.2021-ci il tarixli 21 saylı məktubuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin 03.02.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 3i il tarixli 4-Ə2-218 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və ona 01.11.2005-ci il tarixli 21952 saylı qeydiyyat vəsiqəsi verilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi 3-cü dalan, 7B saylı fərdi yaşayış evinə dair 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə 242510 № li alqı-satqı müqavilədən görünür ki, 27.10.2005-ci il tarixdə X4 şəhəri DTİ və MHQİ-nin 27.10.2005-ci il tarixli 2890 № forma 1 arayışına və 13.10.2005-ci il tarixli 21952 № li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Gəncə şəhəri Şahsevənlər küçəsi 3-cü dalan 7B-də 189 kvm torpaq sahəsində yerləşən sahəsi 40.1 kv m olan 2 yaşayış otağı və 7.9 kv m sahəli açıq eyvandan ibarət yaşayış evini vətəndaş X3 65 milyon manata satmışdır. Elektron Məhkəmə Sistemindən görünür ki, X6 26.11.2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Tərəflərin 29.11.2007-ci il tarixdə rəsmi nikaha daxil olması, bundan sonra Gəncə şəhəri Şahsevənlər küçəsi 3-cü dalan 7B saylı mənzilində yaşamaqları işin faktiki halları təsdiqini tapdığından və mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ilin noyabr ayında yaranmışdır. Buna görə mövcud mübahisə üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan, mülkiyyətçi ilə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh anası Sədaqət Şükürovanın vəfat etdiyi 26.11.2008-ci il tarixdən bu günə qədər miras qalmış Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, 7B saylı evdə ailəsi ilə birlikdə yaşayaraq həmin mirasa sahiblik etməklə və bu günə qədər mirasın qəbulundan notarial qaydada imtina etməməklə faktiki olaraq mirası qəbul etdiyi üçün onun həmin mirasda payı var və o, həmin evin ən azı bir hissəsinin mülkiyyətçisidir. Buna görə də Cavabdehla birgə yaşamış ailə üzvləri, arvadı İddiaçı, uşaqları Hüseyn və Aytacın cavabdehlə bərabər həmin evdən istifadə etmək hüquqları vardır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, iddiaçının uşaqları ilə birlikdə mübahisəli evdən istifadə etmək hüquqları olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - 10.06.2008-ci il təvəllüdlü X9 və 04.01.2012-ci il təvəllüldü X10 ilə birlikdə Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi, 3-cü dalan, 7B saylı evə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - 10.06.2008-ci il təvəllüdlü X9 və 04.01.2012-ci il təvəllüdlü X10 ilə birlikdə Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi, 3-cü dalan, 7B saylı evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar