Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-968/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2013-cü ildə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 ananın himayəsində qalmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-283/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 75 (yetmiş beş)manat cəmi 150 (yüz əlli) manat alimentin İddiaçı xeyirinə tutulması qət olunmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün verdiyi aliment hazırki tələbatlarını ödəmir. Göstərilənləri əsas gətirib, məhkəmədən xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2013-cü ildə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı qəbul etmədiyini, hal-hazırda işləmədiyini, ailəli, bir uşağı olduğunu və ikinci həyat yoldaşının hamilə olduğunu bildirərək, qeyd etdi ki, hazırda ödədiyi 150 manat alimenti ödəməkdə də çətinlik çəkir. Ona görə də, imkanı olmadığından iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-283/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, Cavabdeh hər uşaq üçün alimentin miqdarı 75 (yetmiş beş) manat, cəmi 150 (yüz əlli) manat alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, tərəflərin birgə nikahlarından, xx.xx.2011-ci təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur və 07.06.216-cı il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 236511 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı qızı ilə Cavabdeh oğlunun nikahları xx.xx.2016-cı ildə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli 137 saylı əmrlə təsdiq edilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh başın alın nahiyyəsinin və sol göz qapağının kəsilmiş yaraları sağ 6-cı qabırğanın qapalı sınığı diyaqnozu ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Gəncə şəhəri Abbas Səhət adına 1 saylı şəhər xəstəxanasında müalicədə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn işləmədikdə və ya valideynin maddi imkanı olmadıqda onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Əksinə, valideynin qazancı və ya sair gəliri olmadığı halda ondan alimentin sabit pul məbləğində tutulması barədə qanunvericilikdə göstəriş qeyd olunub. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.2.2-ci maddəsinə əsasən-iki uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X10” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmçinin xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X10”BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili Qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175.0 manat olmasını əsas tutaraq iddia tələbinin qismən təmin olunmasını və alimentin artılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-283/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-283/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2011-il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-968/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-968/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver